Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasına tam hüquqlu üzv seçilib. Bununla da ölkəmiz bu formatda artıq yalnız müşahidəçi və ya qonaq statusunda olmayaraq, qərarların qəbulunda birbaşa iştirak edən dövlətlər sırasında yer alır.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı əməkdaşlıq sayəsində Mərkəzi Asiya və Azərbaycan dünyada əhəmiyyəti davamlı olaraq artan vahid geosiyasi və geoiqtisadi regiondur:
“Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik, bir-birimizin təşəbbüslərini dəstəkləyirik və qlobal, regional xarakterli məsələlərin həllinə dair ümumi yanaşmalar formalaşdırırıq”.
Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, bu həm də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin genişlənməsini göstərir:

“Eyni siyasi nizamda Cənubi Qafqazla Mərkəzi Asiyanı məhz birləşdirən Azərbaycan olub və bu istiqamətdə Mərkəzi Asiya ölkələri Azərbaycanla bütün spektrlərdə əməkdaşlığa yüksək qiymət verirlər. Prezident artıq bu Məşvərət Şurasında birinci dəfə deyil ki, iştirak edir. Göründüyü kimi, Mərkəzi Asiya ölkələrinin dünyaya açılımında, Qərblə əməkdaşlığında Azərbaycanın rolu getdikcə artır və bu yüksək qiymətləndirilir”.
Məhəmməd Əsədullazadə əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə yalnız bu formatda deyil, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq edir:
“Buraya siyasi, iqtisadi, mədəni, eləcə də hərbi və təhlükəsizlik sahələrində əlaqələr daxildir. Düşünürəm ki, artıq Mərkəzi Asiya və Cənubi Qafqaz eyni region olaraq dünya siyasi nizamında siyasi, iqtisadi və hərbi baxımdan eyni platformadan çıxış edəcəklər”.
Siyasi şərhçinin fikrincə, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasına tam hüquqlu üzv seçilməsi regionda inteqrasiya proseslərinə yeni dinamika gətirir.
O, vurğulayıb ki, bu addım siyasi, iqtisadi və strateji əməkdaşlığın genişlənməsinə xidmət etməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Şəbnəm













