Çempionlar Liqasında (ÇL) gələn mövsümdən etibarən formatla yanaşı, klubların qazanacaqları məbləğlər də dəyişdirilib.
Gununsesi.info xəbər verir ki, 2018-19 mövsümündən etibarən gəlirlər artırılacaq.
İndiki sistemə görə, qrupa adlayan hər komandaya 12,7 milyon avro verilirdi. Gələn mövsüm isə bu məbləğ 15 milyon avro təşkil edəcək. Hər heç-heçəyə 500 min alan klub bundan sonra 900 min qazanacaq. Qələbə üçün verilən pul mükafatı isə 1,5 milyondan 2,7 milyon avroya yüksəldilib.
Cari mövsüm 1/8 final üzü görənlər büdcələrinə əlavə 6 milyon əlavə etmişdilərsə, gələn il bu, 9,5 milyon avro olacaq. 1/4 finalçılar bu mövsümdəki kimi 6,5 milyon yox, 10,5 milyon əldə edəcəklər.
Bu mövsüm yarımfinala qədər irəliləməyi bacaran komandalar 7,5 milyon alacaqlar. Gələn mövsüm isə bu məbləğ 12 milyon olacaq. Finala yüksələnlər bu mövsüm 11 milyon, gələn mövsümdən isə 15 milyon avronu təmin edəcəklər.
Çempionlar Liqasının qalibi isə buna görə 15,5 milyon avroya sahib olurlar. 2018-19 mövsümündə isə kuboku müzeyinə aparan əlavə 19 milyon avro qazanacaq.
Qeyd edək ki, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” tarixdə ilk dəfə qrup mərhələsinə vəsiqə qazanmışdı.
Gununsesi.info