“Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı artırılıb - QƏRARA DƏYİŞİLİK EDİLİB

  • By admin
  • 17 Avqust 2017 14:06

demiryol qsc

Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi haqqında 15 fevral 2010-cu il tarixli qərarına dəyişilik edib.

Gununsesi.info-nun məlumatına görə, yeni qərara əsasən, Cəmiyyətin nizamnamə kapitalı 79 915 594 manat və yaxud 11% artırılaraq 806 061 960 manata çatdırılıb.

Bunun üçün ADY-nin dövriyyədə olan, hər birinin nominal dəyəri 2 manat olan səhmlərinin sayı 39 957 797 ədəd artırılaraq 403 030 980-ə çatdırılıb. Səhmdar cəmiyyətə, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, bu, avqust ayında dövlətə məxsus səhmdar cəmiyyətlərin nizamnamə kapitalının artırılması ilə bağlı ikinci haldır. Azərbaycan hökuməti təxminən 2 həftə öncə “Azəristiliktəchizat” ASC-nin nizamnaməsinə dəyişiklik edərək, onun nizamnamə kapitalını 7,1 dəfə artırıb və 136 684 980 manata çatdırıb. Kapital artımı səhmdar cəmiyyətin 2016-cı ilin yekununda zərəri qədər olub. Başqa sözlə, “Azəristiliktəchizat”ın zərəri örtülüb.

Gununsesi.info