Azərbaycan dəmiryollarının beynəlxalq standartlara çatdırılması istiqamətində işlər gedir - CAVİD QURBANOV

  • By admin
  • 09 Fevral 2018 14:34

Çalışacağıq ki, yaxın 5 ildə Azərbaycan dəmiryolları beynəlxalq standartlar səviyyəsinə yaxınlaşsın.

Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan dəmiryollarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində işlər gedir və bununla bağlı proqramlar qəbul edilib: “Bu məqsədlə ölkə ərazisində dəmiryollar yenidən qurulur, infrastruktur təkmilləşdirilir”.

Cənub istiqamətində Lənkəranda dəniz qırağından keçən dəmiyol xəttinin dənizdən uzaqlaşdırılması istiqamətindəki vəziyətə aydınlıq gətirən C.Qurbanov deyib ki, bu məsələ ilə bağlı ölkə başçısı müvafiq tapşırıqlar verib və onun üzərində işlər gedir: “Bildiyiniz kimi, Lənkəranda Qızılağacda Osmanlı stansiyasında dəmiryolu xəttinin dəniz qırağından keçməsi orada yaşayan insanların həyatına təhlükə yaratmaqla yanaşı, orada tikilən və tikiləcək turizm obyektlərinin fəaliyyətinə də mane olur. Artıq bununla bağlı ölkə başçısı tərəfindən qərar qəbul edilib. Biz dəmiryolunun avtomobil magistralı ilə paralel çəkilinə başlamaq niyyətindəyik. Bu böyük bir layihədir və haradasa 3-4 il vaxt alacaq”.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi istiqamətində görülən işlərə toxunan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri deyib ki, Azərbaycan artıq üzərinə düşən vəzifəni icra edərək dəmiryol xəttini İrana birləşdirib və bu məqsədlə 16 km yol çəkib: “Bundan əlavə, Astara çayı üzərində körpü tikib. İran Astarasında yükboşaltma və doldurma meydançası tikib. Artıq ilk sınaq yük qatarı fevralın 8-də Astaraya keçib. Yəqin ki, yaxın gələcəkdə bu yolun ölkə başçıları səviyyəsində rəsmi açılışı olacaq”.

O əlavə edib ki, Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşması ilə bağlı fəaliyyətini bununla bitirməyəcək, İran ərazisində Astara-Rəşt istiqamətində 164 km dəmiryol xətti çəkəcək: “İşlər qaydasında gedərsə, bu yolun tikintisinə bu il başlanacaq”.

Mürtəza

Gununsesi.info