Azərbaycan dövlətçiliyinin qızıl dövrü hansı uğurlar möhürləndi?

  • By admin
  • 11 Aprel 2022 14:32

11 aprel 2018-ci ildə xalq İlham Əliyevin növbəti mərhələ üçün ölkə başçısı kimi fəaliyyət göstərməsinə etimad göstərdi. Bir çox ekspertlər hesab edir ki, son 4 il bir çox istiqamətlərdə Azərbaycan dövlətçiliyi üçün qızıl dövr hesab edilə bilər. 

Milli Məclisin deputatı Azər Badamovla bu istiqamətdə söhbətləşdik.

Millət vəkili Publika.az-a müsahibəsində dedi ki, son 4 ildə Azərbaycan özünü bütün dünyaya qalib dövlət, Prezident İlham Əliyev isə müzəffər Ali Baş Komandan kimi tanıtdı.

– Azər müəllim, Prezident İlham Əliyevin son 4 ilində hansı dəyişikliklər diqqət çəkir?  

– Bu gün, 11 apreldə xalqın böyük etimadı ilə cənab İlham Əliyevin dördüncü dəfə prezident seçilməsinin dördüncü ili tamamlanır.  Yola saldığımız  son 4 il ölkəmizin və xalqımızın həyatında unudulmaz hadisələrlə zəngin olub. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın geniş islahatlar dönəminə qədəm qoyduğunun anonsunu vermişdi. Son 4 il ölkə başçısının qeyd etdiyi kimi, islahatlar dövrü kimi yadda qaldı. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etdi. Geniş struktur islahatları həyata keçirilməklə dövlət strukturunda çalışanların tərkibi gəncləşdirildi. Ölkəmizdə korrupsiyaya qarşı tədbirlər dərinləşdi və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində daha ciddi addımlar atıldı.

– İqtisadiyyat sahəsində son 4 ildə daha çox hansı yüksəlişlərdən danışmaq mümkündür? Sizcə, iqtisadiyyatımız pandemiyadan alnıaçıq çıxa bildimi

– Təbii ki, görülmüş işlərin əhatə dairəsinin genişlənməsi və əldə etdiyimiz iqtisadi uğurlar dünyanı sınağa çəkmiş pandemiyaya qarşı uğurla mübarizə aparmağımıza yol açdı. Cənab Prezidentin rəhbərlik etdiyi son 4 ildə Azərbaycana dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edilməsinə  etimad göstərildi. Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının işinə yeni impuls verdi və dünyanı narahat edən məsələlərin həll edilməsinə verdiyi töhfələri ilə yeni bir imic formalaşdırdı. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı mübarizədə həmrəyliyin göstərilməsi və vaksin millətçiliyinə yol verilməməsi ilə əlaqədar  BMT-yə xüsusi sessiyasının keçirilməsi ilə bağlı müraciət etdi. Məhz müraciətimiz sayəsində BMT-nin xüsusi sessiyası keçirildi və dünya üçün mühüm qərarlar qəbul olundu.

– 44 günlük Vətən müharibəsi də bu 4 ilin nailiyyətləri sırasındadır… 

– Bəli. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi müstəqilliyinə qovuşdu və bu da siyasi müstəqilliyimizin təminatçısı oldu. Azərbaycanın artan iqtisadi gücü, ölkədəki milli həmrəylik, beynəlxalq arenadakı ədalətli mövqeyi və qazandığı nüfuzu 30 il erməni işğalı altında qalmış torpaqlarımızı işğaldan azad etməyimizə yol açdı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi döyüş taktikası dünya hərb sahəsi üçün bir yenilik oldu. Müharibə dövründə və post-müharibə dönəmində Prezident İlham Əliyevin xarici və daxili media nümayəndələrinə verdiyi çox məntiqli və tarixi faktlara əsaslanmış müsahibələri informasiya müharibəsində də Azərbaycanı qalib ölkəyə çevirdi. Post-müharibə dövründə dövlət başçıları arasında keçirilən üçtərəfli görüşlərdə imzalanmış bəyanatlar Azərbaycanın təqdim etdiyi əsas prinsiplər əsasında qurulub və bu da yaratdığımız yeni reallığın beynəlxalq aləm tərəfindən qəbul edilməsi deməkdir.

– 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan diplomatiyası Prezidentin rəhbərliyi altında hansı uğurlara imza atdı?

– Son 4 il Azərbaycan diplomatiyası üçün də uğur illər olub. Prezident İlham Əliyevin siyasəti ilə formalaşmış Azərbaycanın gələcəyə baxışları regionda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın formalaşmasına əsaslanıb. 2020-ci ilin dekabrında Azərbaycanın təşkilatçılığı ilə açılışı olmuş Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında əvəzsiz rola malikdir. Avropanın təbii qazla təminatında ziddiyyətlərin dərinləşdiyi bir dövrdə Azərbaycan qazı bu qitənin yeni ümid yerinə çevrilib. Azərbaycan beynəlxalq arenada özünün etibarlı və layiqli tərəfdaş olduğunu sübut edib. Qeyd etmək istəyirəm ki, 11 apreldə keçirilən prezident seçkilərində xalqımız cənab İlham Əliyevə yenidən səs verməklə müstəqil, inkişaf etmiş və qalib Azərbaycana səsini vermiş oldu.

Gununsesi.info