“Azərbaycan dövləti üçün Vaşinqton variantı daha sərfəlidir” – Rəy

  • By arzu
  • 28 Oktyabr 2022 16:32

Rusiya Prezidenti Vladimir Putin son iki gündür Ermənistan-Azərbaycan münaqişəsinin həlli və iki ölkə arasındakı münasibətlərin nizamlanması üçün təəccüblü və maraqlı açılqamalar verib. Azərbaycan mətbuatında da ciddi gündəmə çevrilən mövzu müzakirələrə çıxarılıb.

 

HTML tutorial

Gununsesi.info mövzu ilə bağlı politoloqların fikrini öyrənməyə çalışır. Ağ Partiya rəsmisi Kamran Məmmədlinin fikrincə bu, Rusiya Prezidentinin ermənilərə vermiş olduğu bir mesajdır: “Putin bu açıqlaması ilə bütün oxları Paşinyanın üzərinə yönəldib. Putin bununla erməni xalqına mesaj vermək istəyir ki, gündəmdə “Vaşinqton variantı” var və bilin ki, “Vaşinqton variantı” Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Əgər erməni xalqı və müxalifəti vaxtında hərəkətə keçməzsə, bu variant reallaşacaq və buna görədə bizi günahlandırmayın”.

Siyasətçinin fikrincə, Rusiya liderinin açıqlamasında həm narazılıq, həm də narahatlıq hiss olunub.

“Çünki sülh müqaviləsinin bu variantda imzalanması Rusiyanın maraqları daxilində deyil. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması Rusiyanı Cənubi Qafqazda təsir imkanlarını minimuma endirəcəkdir ki, bu da Rus sülhməramlılarının Qarabağdan, Rusiyanın 102-ci bazasının isə Gümrüdən çıxarılması ilə nəticələnə bilər”, – deyə Məmmədli açıqlayır.

Onun sözlərinə görə, iki ölkə arasında sülh varsa, kənar hərbi birləşmələrin orada olmasının heç bir mənası qalmır.

Siyasi partiya rəsmisi fikirlərini bu cür izah edir: “Bunu gözəl anlayan Putin çıxışının ardında isə erməni xalqına daha bir mesaj verərək bunları deyir: “Əgər erməni xalqı və erməni rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətləri nəzərə almaq, gələcək sülh müqaviləsində müzakirə etmək lazımdır, bu da mümkündür. Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik”. Putin bununla mesaj vermək istəyir ki, əgər siz Paşinyanı devirə bilsəniz və yaxud ona təziq edərək bu variantdan əl çəkməsinə nail olsanız Moskva variantında sizin istəkləriniz bizim tərəfdən nəzərə alınacaq”.

 

Kamran Məmmədli Putinin bu bəynatından sonra qondarma “Artsax” Milli Assambleyasının sədri Artur Tovmasyan bütün “Artsax”” xalqını oktyabrın 30-da keçiriləcək mitinqə çağırmasını təsadüfi adlandırmır.

“Fikrimcə qışa qədər bu mitinqlərin sayı artan templə davam edəcək”, – Məmmədli vurğulayır.

“Hər bir halda, son açıqlamardan görünən o oldu ki , Azərbaycan dövləti üçün Vaşinqton variantı daha sərfəlidir və eyni zamanda, bir daha əmin olduq ki , Rusiya bizim üçün etibar olunası müttəfiq deyil və istənilən an bizim maraqlarımızı satmağa hazırdır”, – deyə siyasətçi söyləyir.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı erməni politoloq Aleksandr İsgəndəryanın suallarını cavablandırarkən bunları deyib: O ki qaldı, hansı variantı seçməyə (sülhün “Vaşinqton”, yoxsa “Moskva variantı” – red.) – bu, erməni xalqının və Ermənistan hakimiyyətinin seçimidir. “Vaşinqton variantı”, başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. İstənilən halda, hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq.

Arzu Sayad.