
Səfir: “Biz Azərbaycanla mədəniyyət və dinimizdə bir çox ortaq xüsusiyyət və təcrübələri paylaşırıq”
Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman Gununsesi.info-ya müsahibə verib.
Səfir müsahibəsində Malayziyanın inkişafından, bu inkişafa necə nail olmasından, ölkələrimzi arasındakı əlaqələrin hazırkı durumundan danışıb.
– Cənab səfir, Malayziya regiondakı ən böyük müsəlman ölkələrindən biridir və Asiyada ən sürətli inkişaf edən dövlətlərdən birinə çevrilib. Ekspertlərə görə, son 50 il ərzində Malayziyanın inkişaf dinamikasında heç bir mənfi tendensiya müşahidə olunmayıb. Malayziya möcüzəsinin əsası nədədir?
Malayziyanın gücü onun xalqının irqi, mədəni və dini cəhətdən müxtəlifliyinə əsaslanır. Belə ki, Malayziya müstəqillik əldə etdiyi gündən bu yana bu cür müxtəlifliklər simasında mötədilliyə qucaq açıb və onu sınaqdan keçirib. Mötədillik ölkədə sadəcə birliyi deyil, həmçinin, möhkəm bünövrəli siyasi stabilliyin yaranmasını və ölkədə davamlı iqtisadi fəaliyyətlərin çiçəklənməsini təmin edib. Malayziya mötədilliyin sülh, davamlı inkişaf və harmoniyaya töhvə verdiyinə inanır. Bu yanaşma tolerantlıq, habelə, qarşılıqlı hörmət və anlayış dəyərlərinə əsaslanır və mübahisəli məsələləri həll etməyə qadirdir. Hərtərəfli xüsusiyyətləri nəzərə alınmaqla, mötədillik bizim iqtisadi, sosial və mədəni aspektlərdə əlaqələrimizin aparılması üçün uyğun yanaşmadır.İqtisadi kontekstdə mötədillik yanaşması – daxili inkişaf, marginalizasiyanın olmaması və varlının kasıb üzərində, çox inkişaf edənin daha az inkişaf edən üzərində və ya böyük ölkənin kiçik ölkə üzərində heç bir üstünlüyə malik olmaması deməkdir. Mötədilliyə qucaq açmaq və sınaqdan keçirməyin üstün cəhətləri hər ölkədə, bütün təbəqələr və sektorlar arasında təşviq olunmalıdır.
– Ekspertlər qeyd edir ki, cənubi-şərqi Asiya regionunu təmsil edən ölkələr qloballaşmadan daha çox faydalanır. Malayziya da həmin ölkələrdən biri hesab olunur. Hərçənd, son zamanlarda qloballaşmanın üstünlüyü və çatışmazlığı barədə ciddi müzakirələr başlayıb. Xüsusilə, ABŞ-ın mövqeyinin dəyişməsi bu müzakirələrə yol açdı. Malayziya qloballaşmanın istiqbalını necə görür? Kuala Lumpur qlobal ticarətin və iqtisadi münasibətlərin inkişafı üçün hansı siyasəti aparacaq?
Biz qloballaşmanın müsbət yönlərinə baxmalıyıq və çatışmazlıqları aradan qaldırmaq üçün ondan istifadə etməliyik. Malayziyalılar çox tədbirli, amma praqmatik insanlardır. Bizim hamımız texnologiyanın və nəqliyyat növlərinin inkişafı ilə bir-birimizlə qarşılıqlı şəkildə bağlıyıq və bu səbəbdən, hər hansı bir ölkənin özünü qloballaşmadan uzaq tutmağı mümkün deyil. Bir ölkə və ya regionda baş verən hər hansı bir hadisənin digərləri üzərində eyni anda və ya nəhayətində təsiri olacaq. Qloballaşma qlobal landşaftı daha mürəkkəb və çətin olan bir şeyə çevirib. Qərbdən Şərqi Asiyaya keçidi nəzərə alsaq, Malayziya coğrafi, iqtisadi və siyasi inkişaf mərkəzi kimi mühüm regional və beynəlxalq rola malikdir. Cənub-Şərqi Asiya Xalqları Assossasiyasının (ASEAN) əlaqəsinin yaradılmasında göstərdiyi səylərə görə, cənub-şərqi Asiya regionudünyada ən surətlə inkişaf edən iqtisadiyyata malikdir. Malayziyanın 30 milyona yaxın əhalisi var. Nisbətən balaca bir ölkədir. Halbuki, regional baxımdan, cənub-şərqi Asiya daha çox əhaliyə malik 10 müxtəlif ölkədən ibarətdir – təkcə ASEAN-da 500 milyondan çox əhali var. ASEAN əlaqəsi daha dayanıqlı və daha yaxşı əlaqələndirilmiş ASEAN Cəmiyyətinin yaradılması üçün ayrılmaz bir hissədir. ASEAN əlaqəsinin inkişaf etdirilməsi ASEAN-ın bütün üzv ölkələrində fiziki, institusional və insanlararası əlaqələrin yaxşılaşmasına töhfə verməyə davam edəcək. Malayziya inanır ki,2025 ASEAN Cəmiyyəti Vizyonuna (ASEAN Community Vision 2025) nail olmaqda, vahid ASEAN cəmiyyətinin siyasi təhlükəsizliyi, iqtisadi və sosial-mədəni dayağının gücləndirilməsində və inkişaf boşluğunun azaldılmasında ASEAN əlaqəsi fundamental dəstək rolu oynayacaq. 2025 ASEAN Əlaqəsinin əsas planı əhatəli və bütöv şəkildə əlaqələndirilmiş, rəqabətə davamlılığı, inklüzivliyi və daha yaxşı cəmiyyəti təşviq edən ASEAN birliyinə nail olmaqdır.
– Cənab səfir, Malayziya Çinin “İpək Yolu İqtisadi Kəməri” strategiyasını dəstəkləyir. Halbuki, bir sıra ölkələr qeyd edir ki, bu strategiya yalnız Çinin maraqlarına cavab verir. Sizin bu strategiyadan gözləntiniz nədir?
Malayziya ASEAN tərkibində ilk ölkə idi ki, 1974-cü ildə Çin Xalq Respublikası ilə diplomatik əlaqələr yaratdı və Çinin ASEAN birliyinə dialoq tərəfdaşı kimi gətirilməsində faydalı rol oynadı. Malayziya və Çin arasında qarşılıqlı əlaqələr 1974-cü ildən bəri əhəmiyyətli dərəcədə inkişaf edib. 2013-cü ildə Malayziya və Çin arasındakı qarşılıqlı əlaqələr “Strateji Əməkdaşlıq”dan “Müfəssəl Strateji Əməkdaşlıq”a doğru inkişaf etdi. Bu inkişaf, müxtəlif strateji sahələrdə qarşılıqlı əməkdaşlıq və münasibətlərin yeni mərhələyə qədəm qoymasını təmin etdi. Malayziya, Çin Xalq Respublikasını suveren və qanuni Çin hökuməti kimi tanıyır. Belə ki, Malayziya Vahid Çin siyasətinə inanır və Tayvanın Çin Xalq Respublikasının ayrılmaz hissəsi olduğunu qəbul edir. Kəmər və Yol İnisiativi (BRİ) Malayziya üçün mühümdür, çünki bu, Çin ilə ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, Malayziya məhsul və xidmətlərinin Kəmər və Yol xətti boyunca digər ölkələrin bazarlarına daxil olmasına kömək olacaq.
Malayziya, BRİ-nin logistika, infrastruktur, turizm, ticarət, limanlar, təhsil və sənaye sahələrinin inkişafında yaradacağı geniş imkanlardan faydalanmaq mövqeyindədir. Malayziya həmçinin, Çinin İpək Yolu inisiativi altında yaratdığı, Çini Avropaya, Mərkəzi Asiyaya və Cənubi Asiyaya bağlayacaq mükəmməl infrastruktur və əlaqədən irəli gələcək imkanlardan faydalanmaq istəyindədir. Beləliklə, biz bu təşəbbüsü dəstəkləyirik, çünki o, iqtisadi əlaqələri qarşılıqlı, regional və beynəlxalq səviyyədə gücləndirəcək. O, həmçinin, regionlar arasında əlaqələri inkişaf etdirəcək, Asiya və onun xaricindəki açıq və əlverişli iqtisadi zonaların inkişafına öz töhfəsini verəcək. Bu inisiativ, eyni zamanda, qarşılıqlı, regional və çoxtərəfli səviyyədə əlaqələr və zəmin təmin edəcəyinə görə bizim inkişaf edən iqtisadiyyatımız üçün faydalı olacaq. Bu layihədə birgə iştirak, ölkələr arasında biznes, mədəni və insanlararası əlaqələri gücləndirəcək və bu da öz növbəsində, regionda infrastrukturu və ticarət əlaqələrini inkişaf etdirərək böyüyən regional cəmiyyəti vahid halda birləşdirəcək.
– Etnik və dini müxtəlifliyə baxmayaraq, İslam dini Malayziyada dövlət dinidir. Malayziya İslam Həmrəyliyi üçün çox şeylər edib. Təəssüf ki, bugün İslam dünyasında birlik və həmrəylik arzuolunan səviyyədə deyil. İslam ölkələrində daxili konfliktlər meydana gəlir. Müsəlman ölkələri bir-birinə qarşı müxtəlif ittifaqlar yaradır. Malayziya bu vəziyyəti necə dəyərləndirir? Kuala Lumpur İslam Həmrəyliyinin yaradılması üçün hansı səyləri göstərir?
Malayziya ekstremizmin bütün formalarına qarşı ünvanlanan mühüm dəyər olan mötədilliyi qlobal səviyyədə təşviq etməyə başlayıb. BMT-nin Təhlükəsizlik Şurasına (UNSC) 2015-2016-cı illər üzrə üzv olduğu müddətdə Malayziyanın beş əsas prioritetlərindən biri mötədillik olub. Mötədillər Qlobal Hərəkatının (GMM) da dəstəklədiyi kimi, Malayziya mötədillik yanaşmasına, xüsusilə də münaqişələrin sülh yolu ilə həllinə möhkəm inanır. Bu konseptə əsasən, Malayziya Təhlükəsizlik Şurasına üzv olduğu müddət boyunca məsələlərin müzakirəsində qarşılıqlı hörmətə əsaslanan vasitəçilik, konstruktiv dialoq və öhdəlik kimi sülhpərəst yanaşmaları müdafiə edib. Malayziyaya görə, bu yanaşmalar regionumuzda münaqişələrin sülh yolu ilə həll olunmasına müsbət nəticə verib. Malayziya hesab edir ki, hər şeyi əhatə edən mötədillik yanaşmasının mürəkkəb qlobal problemlərin həllinə töhfə verəcək lazımi vasitə olduğuna dair ümümi bir fikir formalaşır.
Malayziya sülhsevər bir ölkə kimi qlobal sülhə nail olmaq üçün insanların mötədilliyi təcrübədən keçirməyinin və ektremizmə qarşı gəlməyinin mühüm olduğu mövqeyindədir. Mötədillik fərqliliklərin aradan qaldırılması və insanları birləşdirəcək ortaq nöqtələrə fokuslanır. Bu məqsədlə, mötədillərin ektremizmə qarşı öz fikirlərini daha dərindən çatdıra bilmələri üçün milli və beynəlxalq platformalar yaradılmalıdır.Mötədilliyin təşviq olunmasının əhəmiyyəti beynəlxalq cəmiyyətdə müxtəlif forumlarda tanınıb. Cənub-Şərqi Asiya Xalqları Asossasiyası (ASEAN) və onun dialoq tərəfdaşları, Şərqi Asiya Sammiti (EAS), Millətlər Birliyinin Hökumət Başçılarının Görüşü (CHOGM), Qoşulmama Hərəkatı (NAM), Asiya-Avropa Görüşü (ASEM), İnkişaf etməkdə olan 8 (D8), İslam Əməkdaşlıq Təşkilatı (OİC), Asiya Əməkdaşlıq Dialoqu (ACD), BMT Sivilizasiyalar Alyansı (UNAOC), Hind Okeanı Hövzəsi Ölkələrinin Asossasiyası (İORA) və Şərqi Asiya – Latın Amerikası Əməkdaşlığı üzrə Forum (FEALAC) mötədilliyin ektremizmə qarşı mübarizədə olan əhəmiyyətini tanıyıb.
Malayziyanın Mötədillik haqqında Qətnaməsi 8 dekabr 2017-ci ildə BMT Baş Assambleyasının (UNGA) 72-ci Sessiyasının Üçüncü Komitəsinin 68-ci Plenar Görüşü ərzində uğurla qəbul edilib. Mötədillik barədə qəbul olunanbu qətnamə ekstremizmlə mübarizədə uzun ömürlü və dayanıqlı sülhü təqib edən mötədillik üçün başqa bir mərhələ yaradacaq. Biz mötədilliyin qlobal cəmiyyətin təhlükəsizliyi, stabilliyi və rifahına mühüm töhfə olacağını hesab edirik. Azərbaycan da həmçinin müxtəliflik və birlik nümunəsi olan bir ölkədir.
– Azərbaycandan söz düşmüşkən, ölkəmiz də İslam Həmrəyliyini, İslam sivilizasiyasını və mədəniyyətini dünyada təşviq etməyə çalışır. Bu məsələdə Bakı və Kuala Lumpur arasında nə kimi perspektivlər görürsünüz?
Malayziya İslam həmrəyliyi vasitəsilə İslam dünyasını birləşdirmək və İslam sivilizasiyası, tarixi və təcrübəsinin qorunub saxlanılması yolunda Azərbaycan hökumətinin göstərdiyi təşəbbüs və səyləri yüksək qiymətləndirir. Müsəlman qardaşlar kimi, biz Azərbaycanla mədəniyyət və dinimizdə bir çox ortaq xüsusiyyət və təcrübələri paylaşırıq. Malayziya, Mötədillər Qlobal Hərəkatını (GMM) ektremizmin bütün formalarına etiraz etmək və mötədilliyi təşviq etmək təşəbbüsü kimi təqdim edib. GMM dünya liderləri, həmçinin, beynəlxalq və regional hökumətlərarası təşkilatlar tərəfindən tanınıb və dəstək alıb. Çoxmədəniyyətli, çoxirqli və çoxdinli ölkə olan Malayziya, mötədillik təcrübəsinin sülh, birlik və stabilliyin qorunub saxlanılmasında böyük rol ifadə etdiyinə inanır. GMM, mahiyyətcə, rasional, bütün irq, mədəniyyət və inamlardan olan sülhsevər insanları ektremizmin bütün aspektlərini yox etməyə və tolerantlıq, qarşılıqlı anlayış və hörmət uğrunda birgə çalışmağa səsləyən bir çağırışdır.
2017 – İslam Həmrəyliyi İlinə uyğun olaraq, Azərbaycan İslam həmrəyliyinin təşviq olunmasında və İslam renessansının yenidən yaranmasında mühüm rol oynadı. Azərbaycanda 2017-ci il boyunca İslam Həmrəyliyi Oyunları, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq kimi bir çox uğurlu tədbirlər keçirildi. Odur ki, Malayziya və Azərbaycan İslam həmrəyliyi və mötədilliyi Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlığı Təşkilatı (OİC), habelə, Beynəlxalq Millətlər Təşkilatı (UN) kimi çoxtərəfli forumlarda birgə təşviq edə bilmək üçün qarşılıqlı əməkdaşlıq yarada bilər. Malayziya və Azərbaycan bir çox qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərdə eyni mövqeyi paylaşıblar və paylaşmağa da davam edəcək.
– İqtisadi cəhətdən güclü olan Malayziya, Azərbaycanı cəlb edir. Başlanğıcda, Malayziya təbii ehtiyatlara əsaslanaraq güclü iqtisadiyyat yaratmağa qadir idi. Azərbaycan hal-hazırda iqtisadi diversifikasiya sahəsində islahatlar aparır. Azərbaycana nə tövsiyyə edərdiniz?
Malayziya 31 avqust 1957-ci ildə Britaniya koloniyasından azad olaraq müstəqilliyini əldə edib. Müstəqillikdən sonra Malayziya bir neçə struktur dəyişikliklərdən və inkişaf mərhələlərindən keçib. Malayziya aşağı gəlirli aqrar iqtisadiyyatdan diversifikasiyalı ixraca əsaslanan surətli inkişafa malik sənayeləşmiş ölkəyə keçid etdi. 21-ci əsrin əvvəllərindən Malayziya Cənub-Şərqi Asiyada ən surətlə inkişaf edən iqtisadiyyata malik dövlətlərdən birinə çevrildi.Kiçik və orta müəssisələr(SME) 1990-cu illərdən bəri, Malayziya iqtisadiyyatının yuxarı-orta gəlirli xalqa çevrilməsinin əsasında dayanıb və həmçinin, iş və inkişaf üçün mühüm amil olub. Malayziyanın kiçik və orta müəssisələri xalqın ÜDM-na, iş və ixracatına töhfə verib. Malayziyada kiçik və orta müəssisələr mühüm saya malikdir və Malayziya iqtisadiyyatının əsasını təşkil edir. Malayziya 2020-ci ilə qədər kiçik və orta müəssisələrin ÜDM-ə olan töhfəsini 41 faizə və ölkə ixracatına olan qatqısını 23 faizə qaldırmağı qarşısına məqsəd qoyub. Malayziya SME Korporasiyası gəlirin inkişafı və xalqın sosial rifahının yaxşılaşdırılması üçün ölkəmizdə kiçik və orta müəssisələrin inkişafını təmin edən əsas təşkilatdır. O, kiçik və orta müəssisələri infrastruktur avadanlıqlar, maliyyə dəstəyi, məsləhət xidmətləri və digər dəstək proqramları ilə təmin etmək məqsədilə 2 may 1996-cı ildə Beynəlxalq Ticarət və Sənaye Naziriliyi (MİTİ) nəzdində yaradılıb.
Bizim təcrübə və bilgimizlə, Malayziya SME Korporasiyası Azərbaycanın müvafiq qurumu ilə əməkdaşlıq edə, ən yaxşı təcrübələrini paylaşa, kiçik və orta müəssisələrin müvafiq regionlarımızda inkişafını irəlilətməkçün potensial əməkdaşlıqlar üzə çıxara bilər. Bu əməkdaşlıqlar Malayziya və Azərbaycan arasında biznes əlaqələrini birləşdirmək üçün platforma rolunu oynaya və həmçinin, ticarət və investisiyaları artıra bilər. Azərbaycanda kiçik və orta müəssisələr sənayesinin inkişafı Azərbaycan iqtisadiyyatının diversifikasiyasına töhfə verə və sadəcə iş imkanları deyil, həm də iş təminatçıları yarada bilər.
Biz həmçinin düşünürük ki, Azərbaycan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hal-hazırda davam edən islahatlarla doğru istiqamətdə addımlayır, xüsusilə də Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı, bir neçə il əvvəl Heydər Aliyev adına yeni Beynəlxalq Hava Limanının açılışı və digər mühüm infrastruktur layihələr bu qəbildəndir. Prezident Azərbaycanın regionda Şərq ilə Qərb arasında əlaqə yaradan beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi üçün böyük inkişaf planı nəzərdə tutub.
– Azərbaycan-Malayziya iqtisadi əməkdaşlıq səviyyəsini necə qiymətləndirərdiniz? Qarşılıqlı əlaqələrin inkişafı üçün hansı addımların atılması zəruridir?
Malayziyanın Dövlət Neft Şirkəti (PETRONAS) Azərbaycanın neft-qaz sektorunda fəal iştirak edir. PETRONAS Şahdəniz II yatağının işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişində 15.5 faiz, Cənubi Qafqaz Boru Kəməri şirkətində (SCPC) 15.5 faiz , SCPC holdinqdə 15.5 faiz, Azərbaycan Qaz Təchizatı şirkətində (AGSC) isə 12.4 faiz paya sahibdir.Ümumilikdə, bu günə qədər PETRONAS Azərbaycana 4 milyard ABŞ dolları məbləğində sərmayə yatırıb.Malayziyanın Azərbaycana olan ixracı 2016-cı ildən 4.5 faiz artaraq 8 milyon ABŞ dollarına qalxıb. Bu müsbət artım Azərbaycana idxal olunan mexaniki avadanlıq, ləvazimat və hissələrinin artımı sayəsindədir. Eyni zamanda, Azərbaycanın Malayziyaya ixracı 2017-ci il yanvar ayından noyabr ayına qədər olan müddətdə 2.2 faiz artaraq, 2015-ci ildə olan 227,000 ABŞ dolları göstəricisindən 800,000 ABŞ dollarına bərabər olub.İnanıram ki, Malayziya və Azərbaycanın ticarət münasibətləri gələcəkdə insanlar arasındakı qarşılıqlı əlaqələrin çoxalması ilə inkişaf etməyə davam edəcək və hər iki ölkədə biznes imkanlarını daha da artıracaq. Əlbəttə ki, Malayziya məhsullarının qiymətlərinin qonşu ölkələrlə müqayisədə daha rəqabətədavamlı olduğunu hesab edirəm, lakin onların Malayziyadan Azərbaycana çatdırılması əlavə xərc tələb edəcək. Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olanlar, xüsusilə də Ticarət Palatası və s. istənilən vaxt bizimlə əlaqə saxlayaraq Malayziyanın Biznes sektorundakı imkanlar və həmçinin əlaqələrin yaradılması barədə məlumat ala bilərlər.Azərbaycan iqtisadiyyatının diversifikasiyası ilə biz Malayziya və Azərbaycan arasında biznes sahəsində mövcud potensial ticarət və investisiya əməkdaşlığını kəşf edə bilərik. Prezident İlham Əliyevin Malayziyaya gözlənilən ilk səfəri bunun üçün çox yaxşı başlanğıc olardı. Bu çox mühüm səfər, iqtisadi və ticari əlaqələr də daxil olmaqla, qarşılıqlı əlaqələrin daha da inkişafı üçün təkanverici qüvvə olacaq.
Laçın SƏMLA
Gununsesi.info