“Azərbaycan-Ermənistan sülh platforması”nın sıralarının getdikcə genişlənməsi ümidləri artırır” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 23 Yanvar 2017 21:46

rafael-huseynov-2

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının əvvəlində ənənəvi olaraq təşkilatın büro və daimi komitəsinin hesabatları dinlənildikdən sonra məruzənin əhatə etdiyi aktual problemlərlə bağlı müzakirələr başlayıb.

Gununsesi.info-nun məlumatına görə, müzakirələrə qatılan Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə ölkəmizlə Avropa Şurası arasında uğurla davam edən əlaqələrdən danışaraq deyib:

“Növbəti dəfə ötən müddətdə görülən işləri, inkişaf kimi qiymətləndirilə biləcək məqamları təhlil edərkən ölkəmin timsalında həm təşkilatın, həm də Azərbaycanın uğuru sayılmağa layiq olan bir sıra irəliləyişlərə diqqəti çəkmək istərdim. 2016-cı il Azərbaycan üçün son dərəcə əlamətdar olub. Oktyabrda ölkənin 70 illik mübarizədən sonra öz müstəqilliyini yenidən bərpa etməsinin 25 ili tamam oldu. Nəzərə alsaq ki, XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika quran Azərbaycanın müstəqilliyi iki ildən də az sürmüşdü, onda 25 ilin kifayət qədər sanballı bir yubiley olduğunu görürük. Azərbaycan bu 25 ilin 15-ni Avropa Şurası ailəsində keçirib. Demokratik təsisatların bərqərar olması, hüquqi dövlət quruculuğu, insan haqlarının daha geniş çərçivədə təmin edilməsində, bu müddətdə qazanılan nailiyyətlərdə Avropa Şurasının danılmaz payı var. Sevindirici haldır ki, Avropa Şurasının indi təhlil etdiyimiz dövrdəki fəaliyyətləri kontekstində də Azərbaycanın əhəmiyyətli irəliləyişləri olub”.

Konkret nümunələr üzərində dayanan deputat R. Hüseynov avropalı parlamentarilərə Azərbaycanın mətbuat həyatında baş vermiş və Avropa Şurası hesabatlarında əksini tapmış nailiyyətlərini xatırladıb:

“Arxada qalan sessiya dönəmində hazırlanmış və bu sessiyada müzakirəyə çıxarılan məruzələrdə də ölkənin mətbuat həyatında müşahidə edilən tərəqqini görə bilərik. Lakin bu heç də hamısı deyil. Qeyri-hökumət təşkilatları ilə bağlı işin təşkili və Avropa Şurasının çağırışları müstəvisində bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində atılan addımlar da aydın müşahidə edilən inkişaf göstəriciləridir”.

Azərbaycan nümayəndə heyətinin üzvü Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ məsələsi ilə bağlı da irəliləyiş sayıla biləcək məqamlar üzərində dayanıb.

R. Hüseynov Avropa Şurası baş katibinin münaqişə ilə bağlı bir qədər əvvəl verdiyi bəyanatı yüksək qiymətləndirərək deyib:

“Avropa Şurası baş katibinin  Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində gərginliyin azaldılması ilə bağlı yayılan bəyanatı da mahiyyət etibarı ilə inkişafa köklənmiş addım kimi dəyərləndirilməlidir. Beynəlxalq təşkilatların və sülh missiyalı qurumların təkidlərinə baxmayaraq, Ermənistanın həlak olmuş Azərbaycan əsgərinin cəsədini qaytarmamasına Avropa Şurası rəhbərliyinin ani reaksiyası və məsələni təxirə salınmadan qeyd-şərtsiz həll etməyə çağırması həqiqi mənada ciddi inkişaf əlamətidir. Çoxdan davam edən münaqişənin həlli istiqamətində Avropa Şurasının yanaşmaları adətən belə operativ və qətiyyətli olmayıb. İndiki halda dərhal nümayiş etdirilmiş belə konkret mövqeyi münaqişənin həlli yolunda təşkilatımızın fəallığını artırmaq niyyətinin ifadəsi kimi qəbul etmək olar.

Nəzərə alsaq ki, Avropa Şurasının indi müzakirə etdiyimiz vaxt kəsiyində həll olunmamış münaqişələrlə bağlı ayrıca bir alt komitə yaradaraq onu hərəkətə gətirmək cəhdləri də olub, onda bu sahədə inkişafın kifayət qədər ciddiləşdiyini təsdiqləməyə əsaslarımız daha da artır. Parlament Assambleyası sədrinin münaqişə tərəflərini təmsil edən deputatlarla ardıcıl görüş və müzakirələr keçirməsi də müsbət hal kimi dəyərləndirilməlidir. Bütün bunların davamı kimi, Bakıda erməni və azərbaycanlı fəalların təşəbbüsü ilə baş tutmuş yetərincə konstruktiv görüş və müzakirələr, işğalı pisləyən, problemi demokratik vasitələrlə həll etmək məramlı “Azərbaycan-Ermənistan sülh platforması”nın sıralarının getdikcə genişlənməsi ümidləri xeyli artırır”.

Sonda deputat R. Hüseynov Avropa Şurasının bu uğurlu tempi bundan sonra da davam etdirməsinin zəruri olduğunu vurğulayıb:

“Arzu edərdim ki, götürülmüş bu temp zəifləməsin, biz daimi komitə və büronun növbəti inkişaf məruzəsində üzv dövlətlər arasındakı istər bu, istərsə də digər bu qəbildən olan münaqişələrin həlli istiqamətində daha nəzərəçarpacaq irəliləyişlərin əldə edilməsinə şahid olaq”.

K. HƏMZƏOĞLU

Gununsesi.info