Azərbaycan Fələstinə 300 min dollar yardım ayırdı

  • By admin
  • 01 İyul 2020 13:46

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

Bu barədə Gununsesi.org-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bu addım Fələstində koronavirus pandemiyası ilə mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq atılıb.

Sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosial xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib.

UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikromaliyyələşmənin təmin edilməsi istiqamətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir.

XİN bildirib ki, hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranıb.

Gununsesi.org