
“Bizim Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxmağımız şans yaradır ki, onlar öz siyasətlərinə yenidən baxsınlar. Əgər siyasətlərində pozitiv dəyişiklik olarsa, ikili standartlar deyil, hamı üçün eyni yanaşma standartı tətbiq olunarsa, Azərbaycan gələcəkdə MSŞT-yə üzvlük məsələsinə bir daha baxa bilər”
Gununsesi.info xəbər verir ki, bunu Dövlət Neft Fondunun prezideni Şahmar Mövsümov keçirdiyi mətbaut konfransında bildirib.
Ş.Mövsümovun sözlərinə görə, MSŞT son iki il ərzində Azərbaycana qarşı müəyyən qərəzli bir mövqedə idi:
“Azərbaycana qarşı ikili və qərəzli yanaşmalara dözə bilmirdik. Nəticə etibari ilə martın 9-da Azərbaycanın statusunun dayandırılması bizim üçün son nöqtə idi. Ona görə də, martın 10-da Təşəbbüsü tərk etməyimizlə bağlı bəyanat verdik”.
Fond prezidentinin sözlərinə görə, yeni formatda komissiyanın yaradılması bütün dünya üçün yeni təcrübədir: “ Çalışırıq ki, bu yeni təcrübəni digər ölkələrlə də bölüşək. Ötən həftə Vaşinqtonda Dünya Bankı ilə görüşlərdə yeni formada dair danışıqlar oldu. Onlar üçün maraqlı idi ki, bu komissiya necə olacaq. Mən onları əmin etməyə çalışdım ki, Azərbaycan şəffaflıq prinsiplərinə sadiqdir və hesabatlılığımızı davam etdirəcəyik”.
Ş.Mövsümov qeyd edib ki, aprelin 5-də Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (HSŞK) ilk iclası keçirilib.
İclasda Komissiyanın Əsasnaməsi, Komissiyanın qərarlarının qəbulu prosesi, maraqlı tərəflərlə işbirliyinin qurulması, eləcə də 2016-cı il üzrə Şəffaflıq hesabatının məzmunu, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, auditorun seçim proseduru və digər məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
“Qərara gəlindi ki, hesabatları əvvəlki formatda tam şəkildə saxlayaq, imkan olacağı təqdirdə daha artıq məlumatlar açıqlayaq.
Digər müzakirə olunan məsələ prosesdə bütün tərəflərin iştirakçılığıdır. Bütün maraqlı tərəfləri prosesə cəlb edəcəyik. Söhbət auditorun seçilməsindən gedir. Müstəqil auditorun seçilməsində mümkün qədər geniş formatda ictimaiyyətin iştirakçılığını təmin edəcəyik.
Burada nəinki QHT-lərin, eləcə də beynəlxalq təşkilatların da cəlb edilməsinə dair təkliflər səslənir. İndi bunu hansı formatda ediləcəyi araşdırılacaq”-deyə, Fond rəhbəri açıqlayıb.
O ki qaldı, indiyədək mövcud olan QHT Koalisiyası ilə münasibətlərə Ş.Mövsümov belə açıqlama verib:
“Koalisiyanın özünün da daxilində böyük bir problem var idi, parçalanma ərəfəsində idi. Ümumiyyətlə, biz razı deyilik ki, hansısa koalisiya prosesi monopoliyaya çevirsin. İstərdik ki, burada hamı iştirak etsin. Xüsusi bir koalisiyanın yaradılmasına ehtiyac yoxdur. Komissiya maraqlıdır ki, prosesdə bütün tərəflər bərabər şəkildə iştirak edə bilsin. Hər hansı bir koalisiya yaradılmasa da, bütün QHT-lərin prosesdə iştirakçılığı təmin edilsin”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info












