Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir

Bu gün gənc nəslin düzgün yetişdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətində önəmli yer tutur. Gənclər bizim gələcəyimizdir. Həyatın bütün sahələrində quruculuq işlərinin, dövlət idarəçiliyinin müxtəlif sahələrindəki yaşlı nəsli sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu baxımdan dövlətin, xalqın gəncliyə bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib. Gənclərlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini də ayrı-ayrı şəxsiyyətlərin, Milli qəhrəmanların, Vətənin müdafiəsində canından keçmiş şəhidlərimizin, sağlamlığını torpaqlarımızın azadlığı yolunda qoymuş qazilərimizin şəxsi nümunələrindən istifadədir. Biz Birinci və İkinci Qarabağ müharibələrində də bunun şahidi olduq. Xüsusilə, Vətən müharibəsində düşmənə sinə gərən, onları geri oturdan, “Torpaqdan pay olmaz”- deyərək düşmənə qan udduran yenilməz Azərbaycan Ordusunun əsasını gənclər təşkil edirdi. Həmin gənclər torpağımıza göz dikən erməni faşistlərini darmadağın edərək tarixi Qələbə qazandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan gəncliyi həmişə özünü ən çətin sınaqlarda irəli verib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini yüksək qiymətləndirərək ona inandığını, güvəndiyini bildirmişdi. Heydər Əliyev demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.

Hüquq müdafiəçisi Ulu Öndərin siyasi hakimiyyətə qayıdışını xatırladaraq deyib ki, müdrik şəxsiyyətin həyata keçirdiyi siyasətin prioritetini gəncliyə diqqət və qayğı təşkil edirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illərdə gənc nəslə qayğını heç vaxt əsirgəməyib. Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ümummilli Lider gənclərin hərtərəfli biliyə malik olmaları üçün onların mükəmməl təhsil almalarını diqqət mərkəzində saxlayırdı.

2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gəncin təhsil almasının təşəbbüskarı da müdrik şəxsiyyət Heydər Əliyev olmuşdu. Tarixi şəxsiyyət ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşür, onlara “Prezident təqaüdü”nün verilməsi barədə Sərəncam imzalayırdı. Bu, gəncliyin təhsilə olan marağını daha da artırırdı.

Ç.Qənizadə bildirib ki, illər keçdikcə dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu da artırdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Heydər Əliyevin 2 fevral 1997-cidə imzaladığı Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Hüquq müdafiəçisi deyib ki, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına diqqət və qayğını daha da artırıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bir-birinin ardınca imzalanan sərəncamlar, gəncliyə göstərilən yüksək səviyyəli qayğının nəticəsində gənclərimizin xoş sədaları beynəlxalq aləmdən eşidildi.

Komitə sədri deyib ki, hazırda gənc kadrların irəli çəkilməsi dövlət siyasətinin prioritetini təşkil edir. Bu məqsədlə 2019-cu ildən “Yüksəliş” müsabiqəsi təsis olunub. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

“Gənclərə göstərilən qayğı onlara olan inam və etimaddan irəli gəlir. Vətən müharibəsində gənclərimizin göstərdikləri qəhrəmanlıq, şücaət gəncliyə olan inam və etimadı doğrultdu. Vətənin bir qarış torpağını düşmənə qıymayan gənclərimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda şəhidlik zirvəsinə yüksəldi və istəklərinə nail oldular. Bu gün Azərbaycan dünyada Qalib, bütöv və suveren dövlət kimi tanınır. Bu, təkcə gənclər üçün yox, hər bir soydaşımız üçün qürur və iftixardır”,- deyə Ç.Qənizadə bildirib.

 

 

 

Gununsesi.info