

Azərbaycanın əhalisinin mütləq əksəriyyəti müsəlman olduğundan İslam ölkələri ilə əlaqələr xarici siyasət kursumuzun əsas prioritetlərindən biridir.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkəsi olsa da, quruluşca İslam respublikası deyil.
“Odur ki, Azərbaycan İslam ölkələrinin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və dünyadakı müəslman ölkələri ilə sıx təmaslarda maraqlıdır. Bir sıra İslam ölkələri arasında müəyyən problemlər yaşansa da, Azərbaycan bunun fövqündə dayanaraq, bütün müsəlman ölkələri ilə qarşılıqlı maraqlar, beynəlxalq hüquq prinsiplərinə hörmət çərçivəsində əməkdaşlıq etməyə üstünlük verdiyindən, onların hamısı ilə normal münasibətlərdədir”– deyə, millət vəkili vurğulayıb.
Azərbaycanın müsəlman ölkələrlə normal münasibətlər qurmasını vacib hesab edən millət vəkili deyib ki, hər bir müsəlman ölkəsinin dünyanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri var və bundan öz məqsədlərimiz üçün yararlanmalıyıq.
“Təsəvvür edin, uzun illər bundan öncə Ermənistan istər uydurma soyqırımı, istərsə də digər məsələləri dünya ictimaiyyətinə çatdırmaq üçün hətta, uzaq Okeaniya adalarında yerləşən və bir neçə min əhalisi olan ölkələrdən belə istifadə edib. Ermənilər bu siyasi vahidlər hesabına müəyyən “uğurlar” da əldə edib. Ona görə də, Azərbaycan gələcəkdəki hədəflərini nəzərər alaraq, bütün müsəlman ölkələri ilə yaxın münasibətlərini qoruyub saxlamalı və inkişaf etdirməlidir”- deyə, millət vəkili vurğulayıb.
Z.Oruc deyib ki, bu gün Azərbaycan İslamı “qara bayraq” simvolikası adı altında “vəhşi”, “adamyeyən”, “qaniçən” və sair formada təqdim edənlərdən fəqrli olaraq alternativ ortaya qoyaraq, İslamın sülh, əmin-amanlıq, elm dini olduğunu dünyaya sübut etməyə çalışır.
“Ona görə də Azərbaycan bu ili “İslam Həmrəylik ili” elan etməklə, dünyaya həqiqi İslamın əmin-amanlıq, sülh şəraitində müxtəlif mədəniyyətlərin birgəyaşayış dini , elm və mütərəqqi din olduğunu dünyaya sübut etmək istəyir. Azərbaycan bu yolla həqiqi İslama öz xidmətini göstərmək istəyir ki, islam “qantökənlər”, “adambaşıkəsənlər” dini deyil. İndiki reallıqda İslam dininin üzləşdiyi bir mərhələdə bu çox önəmlidir. O baxımdan da, Azərbaycan üzərinə böyük bir missiyanı götürüb və ümid edirəm ki, bunun öhdəsindən layiqincə gələcək”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info