Azərbaycan GUAM-ın iclasında iştirak edib  - FOTO

  • By admin
  • 11 Noyabr 2016 16:00

guam

Ukraynanın Lvov şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin 25-ci iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev və Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev iştirak ediblər.

Azərbaycan nümayəndə heyətindən aldığımız məlumata görə, tədbirdə məqsəd GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsilə bağlı məsələləri müzakirə etmək olub.

İclasda GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin 24-cü iclasının Protokolunun həyata keçirilməsinin vəziyyəti, eləcə də sözügedən layihənin həyata keçirilməsi haqqında üzv dövlətlərin məlumatları dinlənilib.

Toplantı iştirakçıları GUAM üzv dövlətlərin gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair gömrük orqanları arasındakı protokolun və ilkin məlumat mübadiləsinin təşkilinin texniki şərtlərinin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.

Bundan başqa, iclasda GUAM üzv dövlətlərin sərhədindən keçirilən müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında həmin dövlətlərin gömrük orqanları arasındakı protokolun imzalanması üçün vacib olan daxili prosedurların hazırlanması işinə baxılıb.

GUAM üzv dövlətlərin ərazisindən malların və nəqliyyat vasitələrinin tranzit keçidinin asanlaşdırılmasına dair bu dövlətlərin gömrük orqanları arasında sazişin razılaşdırılması məsələsi də iclasda nəzərdən keçirilib.
Sonda GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.

Anar

Gununsesi.info