Azərbaycan həbsxanalarındakı sıxlığı necə azaltmaq olar? - ŞƏRH

  • By admin
  • 10 İyun 2024 12:30

Avropa Şurasının 2023-cü il üçün Həbsxana Əhalisinə dair İllik Cəza Statistikasında Azərbaycan ölkədəki məhbus sayına görə ilk yerlərdə qərarlaşıb.

 

Azərbaycanda məhkəmələrin həbsə daha çox meyilli olması, alternativ cəza növlərini seçməməsi məhkəmə-hüquq sistemimizin mövcud durumu kimi dəyərləndirilir.

 

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya müsahibəsində bu barədə danışıb.

Komitə sədri xatırladır ki, Avropa Şurasına daxil olan ölkələrdə əhalinin yüz min nəfərinə düşən məhkum edilmiş şəxslərin sayı ilə bu  hesabat hər il  hazırlanır: “Lakin burada bir çox parametrlər mütləq nəzərə alınmalıdır. Əgər biz dünya çapında bu göstəriciyə görə 56-cı yerdəyiksə, hesab edirəm ki, bu kifayət qədər yaxşı yer sayılır. Orada birinciliyi ABŞ tutur və bu o deməkdir ki, kriminogen durum kifayət qədər kövrəkdir. Bu həqiqətən belədir. Baş vermiş cinayətlərin özününün təsnifatına baxdığınızda görəcəksiniz ki, nə qədər hissəsi bilavasitə adamöldürmə və odlu silahdan istifadə ilə bağlıdır. Biz ötən dövr ərzində cəmiyyət həyatında, ictimai-siyasi münasibətlər sistemində, vətəndaş-dövlət əlaqələrində köklü dəyişikliklərin olduğunu qeyd edirik. Burası da həqiqətdir ki, ötən dövr ərzində cinayətlərin də xarakteri dəyişibdir və onun baş vermə səbəbləri, törədiciləri, alətləri və vasitələri də müəyyən bir evolusiyaya məruz qalıb.

Zahid Oruc: “Bugün minlərlə şəxs “cəza qolbağı” vasitəsi ilə evində qalır”

Əgər 90-cı illər üçün qeyd etdiyimiz məsələlər üzrə baxışlarımızı yönəltsək, görəcəyik ki, o dövrdə əsasən dövlət çevrilişinə cəhdlər, qanunsuz silahlı birləşmələr və ondan irəli gələn vətəndaşların əmlaklarına qarşı qəsdlər, təxribatlar, o cümlədən etnik milli zəmnində toqquşmalar və s.təşkil edirdi. Lakin sonrakı dövr öz xarakterinə görə dəyişdi.

Əgər ağır cinayətlərin sitatistikasındakı dəyişikliyi izləsək görərik ki, həqiqətən də deyilən ictimai-siyasi sabitlik ifadəsi bu cinayətlərin azalmasında özünü göstərib. Ancaq demək lazımdır ki, cəmiyyət həyatı ideal deyil, burada müxtəlif maraq və mənafe qrupları mövcuddur. Bunlar hər hansısa bir şəraitdə müəyyən qanunsuz əməllərini həyata keçirməyə çalışırlar.

2000-ci illərdən sonrakı dövr xarakterik olaraq, təhsil, səhiyyə və sferalara insanların işə düzəlməsində baş vermiş cinayət hadisələri özünü daha çox göstərir. Sonra vətəndaşların əmlak münasibətləri zəminində baş verən istər cinayət istərsə də inzibati xarakterli əməllər daha çox öz əksini tapır”.

Zahid Orucun sözlərinə görə, Prezidentin 2017-ci ildə məhkəmə-hüquq islahatlarına dair fərmanı bu sahədə ciddi dönüş yaradıb: “Bunun ardınca 2019-cu ildə ikinci mərhələ başladı. Bugün minlərlə şəxs “cəza qolbağı” vasitəsi ilə evində qalır. Bu öz-özlüyündə Pentensiar sistemin yükünü xeyli dərəcədə azaldıb. Danılmazdır ki, cəzaçəkmə müəssisəsində sıxlıq gerçəklikdir, həqiqətdir”.

 

Komitə sədri deyir ki, həbsxanalardakı sıxlığı azaltmağın çıxış yolu yeni-yeni həbsxanaların tikilməsi deyil: “Əlbəttə ki, başlanmış işlərin mütləq şəkildə tamamlanması müzakirə olunur. Biz özümüz də parlamentdə bu məsələlərə geniş yer vermişik.

Lakin ikinci mühüm məsələ var ki,  burada hüquqi, sosial iqtisadi digər tədbirlərin gücləndirilməsi ilə cinayət xarakterli əməllərin azaldılmasına nail olmaq mümkündür. Onu da nəzərə alaq ki, son illər xüsusi ilə də narkotik və s. cinayətlər çoxalıb. Məhkum edilmiş şəxslərin sırasında onların 40 faizinin təşkil etməsi öz özlüyündə dövlət və cəmiyyətə bir mesajdır. Təəsüflər olsun ki, bu cinayətlərin arxasında müxtəlif xarici güclər dayanır, ona görə də belə bir termin var, dövlət dəstəkli narkotik şəbəkələr… 

O üzdən bu məsələ ilə bağlı mübarizə yalnız müvafiq güc strukturları, sərhəd xidməti vasitəsilə olmamalıdır. Hərçənd ki, onlar kifayət qədər peşəkarlıqla, böyük dəyanətlə bu prosesin qarşısında dururlar. Biz Əfv Komissiyasında təmsil olunduğumuza rəğmən DİN-nin bu məsələdə çox prinsipial və sərt bir şəkildə bu məsələlərin çözümü üçün geniş baxışlarını təqdim etdiyinə şahidiyik.

Bunu da detallarına varmadan sizlərlə bölüşürük ki, həqiqətən də bu problemin miqyası ağ ölüm adlandırılan və vətən müharibəsində səngərdə bizə məğlub olan qüvvələrin digər alternativ hibrid savaş elementlərini xalqımıza, millətimizə, xüsusilə gənclərə qarşı yönləndir. Bu inkaredilməzdir ki, narkotik xarakterli cinayətlər milli təhlükəsizliyimizin problemidir. Bu yöndə addımlar gücləndirilməlidir. Hansısa şəxslər narkomaniyaya qurşanırlarsa bəzən onların fiziki, bioloji, psixoloji durumundan asılı olaraq o tələbatlarını yerinə yetirmək üçün hər cür cinayətlərə, hətta adam ölümünə də əl atırlar. Bu faiz özü də artıbdır.

Bir sözlə biz elə hesab edirik ki, bütövlükdə cəzaçəkmə müəssisələrində heç bir məhbusun olmadığı cəmiyyət qurmaq qeyri-mümkündür. Biz sizə aparıcı ölkələrinin nümunələrindən danışdıq. Alternativ cəzaların verilməsindən hüquq sisteminin humanistləşdirilməsindən, cəza qanunvericiliyinin liberallaşmasından tutmuş, buradan cinayət törədən, yaradan, doğuran səbəblərin ortadan qaldırması üzərində də  geniş işlər aparmalıyıq. Hər bir hadisə özü bir hekayəyə malikdir. Ölkə rəhbəri əfv sərəncamını imzalaması onu göstərir ki, bu mühüm bir hadisədir. Statistikaya təsir göstərən addımdır, o cümlədən cəmiyyətdə dövlət vətəndaş münasibətlərində birliyi gücləndirir. Burada ailə institutunun, məktəbin rolu da digər ictimai institutlar da hamısı birlikdə rol oynayır. Cinayətkarlığa qarşı mübarizə nə qədər müvafiq qurumların üzərində fəaliyyət aparırlarsa bir o dərəcədə də bizim sadaladığımız qurumların da üzərinə məsuliyyət düşür. Biz maksimum dərəcədə çalışmalıyıq ki, insanlarımız üçün, işsizlikdən, məşğul olmamaqdan və daha başqa səbəblərdən qaynaqlanan cinayətləri azaldaq. Bu gün Qarabağ və digər azad olunan torpaqların hamısı quruculuq məkanıdır. Orada bu insanların çalışmaları, imkanları böyükdür. Mən elə hesab edirəm ki, əslində biz qarşıdakı dövrdə məhbus sayını azaltmaq proqramımız bundan ibarət olmalıdır ki, insanlar məşğulluqda, əməkdə, yaradıcı fəaliyyətdə işgüzar çalışmalarda daha çox olsunlar. Sıralayanda da biz deyək ki,  bax, bu xarakterli məsələlərdə iqtisadi sosial mahiyyət daşımır, amma indi insanlar müxtəlif psixologiyalara , baxışlara malikdirlər. Burada artıq insanlıq və bəşəriyyət acizdir. Bəzi cinayətlərin qarşısını almaq o qədər də asan deyil”.

Zahid Oruc hesab edir ki, Azərbaycan Avropa Şurası arealında kriminogen duruma görə sabit, hüquq və mənafelərə görə azadlıqların təmin olunduğu bir ölkə kimi özünü görür.

 

Əliməmməd Nuriyev: “Prezident sərəncamına əməl olunsa, fərqli göstəricilər olardı”

 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə deyir ki, Azərbaycanda qanunvericilik yetərli qədər humanizm prinsiplərinə söykənir:

Sadəcə, onun tətbiqi prosesində bir sıra hallarda humanizm prinsiplərinə tam olaraq əsaslanmır. Azərbaycan prezident tərəfindən hələ 2017-ci ildə cəza siyasətini humanitələşdirilməsi istiqaməsində mühüm bir sərəncam imzalandı. Sərəncamda qeyd olundu ki, azaqlıqdan məhrum etmə cəzəsinin tətbiqi məsələsində məhkəmələr diqqətli olsunlar və hər zaman bu cəzanı tətbiq etməsinlər. Eyni zamanda xüsusi olaraq qeyd olunmuşdur, cinayət təqibi zamanı həbs növündə qəti imkan tədbiri seçməsindən imtina etsinlər. Yəni bunu geniş müqyasda tətbiq etməsinlər. Bizdə cinayət-prosessual qanunvericiliyində qəti imkan tədbirləri var. İndiyə qədər qəti imkan tədbirləri tətbiq olunmamışdır. Ona görə düşünürəm ki, hər şeydən əvvəl cənab prezidentin bu sərəncamından irəli gələn vəzifələrin doğru düzgün icrasına ehtiyac vardır. Doğrudur, həmin sərəncam qəbul ediləndən sonra dərhal istər azadlıqdan məhrumetmə cəzasının tətbiqi prosesində, istərsə də həbs qəti imkan tədbirinin tətbiqində 25-30%-ə qədər azalmalar baş verirdi. Amma sonradan yenidən bu yüksəlməyə doğru getməsinin şahidiyik.

İndi hal-hazırda 26-27 minə qədər şəxs azadlıqdan məhrumetmə cəzasına məkum olmuş və yaxud da ki, istintaq təcridxanasında saxlanılır. Yəni, bütövlükdə bugün onların barəsində həbs qəti imkan tədbiri seçilir.
Bu yüksək göstəricidir. Hesab edirəm ki, məhkəmələr tərəfindən cəza tətbiqi siyasətinə baxışda bir yenilənmə, yeni yanaşma olmalıdır”.

Nuriyev xatırladır ki, Ali Məhkəmənin rəhbərliyində dəyişiklərin  baş verməsi də prosesə təsir edib:

“Heç şübhəsiz ki, bu da dərhal məhkəmə qararlarında öz əksini tapmağa başlayır. Çoxsaylı ədalətli qararların cəmiyyət tərəfindən qəbul olunmasını müşahidə etməkdəyik. Xüsusilə, əgər vəkillər arasında bir sorğu keçirirsə, onlar bu məsələyə pozitiv cavab verərlər. Müşahidələrimizə əsasən vəkillər Ali Məhkəmənin qararlarını müsbət, pozitiv istiqamətdən xüsusi qiymətləndirirlər. Düşünürəm ki, bütün məhkəmə sistemində yanaşmaların vahidləşməsinə ehtiyac vardır. İndi məhkəmə hüquq təcrübəsinin öyrənilməsi istiqamətində mühüm addımlar atılır. Eyni zamanda Ali Məhkəmə bu istiqamətdə mühüm qararlar qəbul etməkdədir. Ali Məhkəmə hal-hazırda bir çox qararların qabul edilməsinə qədər vahid hüquqi yanaşmanı tətbiq etmək üçün cəmiyyətin və hüquqşünas cəmiəsinin də fikirlərini öyrənməyə çalışır. Paralel olaraq əlbəttə ki, ötən müddət ərzində Cinayət Məcəlləsində də əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər nəticəsində cəza siyasətinin humanistləşdirilməsi aydın bir xətt kimi həmin islahatlar prosesinin mərkəzində dayanır. Cinayət Məcəlləsində bir neçə dəyişikliklər nəticəsində bir çox cinayət əməlləri dekriminallaşdırılmışdır. Eyni zamanda  azadlıqdan məhrumetmə cəzasında alternativ sanksiyalar nəzərdə tutulmuşdur. Həmçinin müddətlə bağlı məsələlərdə sanksiyalar yumuşadılmışdır. Amma hələ də bizim məhkəmələr tərəfindən çox təəssüf ki, cinayət işlərinə baxarkən azadlıqdan məhrumetmə cəzası daha çox tədbiq olunur. Bu cənab Prezidentin də sərəncamında vardır.

2019-cu il məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı 3 aprel fərmanında da bu məsələ xüsusilə vurğulanmışdır ki, məhkəmələrə olan inam və ehtimadın gücləndirməsi, cəza siyasətinin humanisləşdirilməsi çox vacibdir. Qırxa yaxın əhəmiyyətli tədbirlər orada nəzərdə tutulmuşdur. Bu tədbirlərin bir hissəsinin artıq implementasiyası baş verir.

Düşünürəm ki, bu proses davam edici olmalıdır və azadlıqdan məhrumetmə hər zaman müraciət etmək  heç də bütün hallarda islah prosesinə müsbət təsiri göstərmir”.

Əliməmməd Nuriyev vurğulayır ki, Penitensiar xidmət azadlıqdan məhrumetmə cəzasının icrası prosesində iştirak edən mühüm bir təchizatdır:

“Hər kəsə məlumdur ki, bu gün  Penitensiar xidmətdə böyük və mühüm islahatlar gedir. Həm məhkumlarla, həm də personallar arasında münasibətlərə yeni yanaşmalar tətbiq olunur. Eyni zamanda cəzanın icrası prosesində cəza çəkməklə bağlı, ətraf mühitlə, ekosistemlə əlaqədar daha da genişlənir, yeni imkanlar yaradır. Orada bütün strukturlar üzrə qeyri-rəsmi sözdələşmələrin qarşısını alınması üçün mühüm institusional imkanlar yaradılır. Həmçinin məhkumların saxlama prosesində də çox böyük faaliyyətlər həyata keçirilir.  Xüsusilə də infrastrukturla bağlı məsələlərdə. Bildiyimiz kimi yeni cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Məhkumların öz qohumlarının yaşadığı yerə daha yaxın yerdə cəzaçəkmə imkanları genişlənir. Qeyd etdiyim kimi məhkumların saxlama şəraiti çox mühümdir.

Digər cəzaçəkmə müəssisələrində əhəmiyyətli təmir işləri gedir. Təkcə infrastruktur dəyişiklikləri deyil, eyni zamanda konkret olaraq məhkumların yaxınlarla görüşü zamanı. Əvvəllər korrupsiya sövdələşmələri ilə bağlı məsələlər tez-tez mətubatda gedirdi. İndi isə artıq əminliklə söyləmək olar ki, məhkumlar ailə üzvləri ilə görüşdə qyed edilən hallar mümkün deyil. İstər uzun müddətli və ya qısa müddətli görüşlər olsun”.

Məhkumların qida məsələlərində çox mühüm dəyişikliklərin baş verdiyinə toxunan Əliməmməd Nuriyev bildirir ki, qidanın keyfiyyəti əhəmiyyətlidir:

“Bu gün məkumların əksəriyyəti daha çox cəzaçəkmə müəssisəsində hazırlanan yeməklərdən istifadə edir. Əvvəllər onlar daha çox yaxınları tərəfindən gətirilən qidalardan istifadə edirdilər . İndi isə cəzaçəkmə müəssisələrinin yeməkxanalarına böyük bir axın var. Bu da qidanın keyfiyyətinin göstəricisidir. Eyni zamanda daha vacib məsələlərdən biri də cəzanın növlərindən asılı olaraq məhkumların məzuniyyət normasının tətbiqidir. Bu çox yaxşı bir ənənədir və məhkumların islahına müsbət təsir göstərir. Digər tərəfdən vaxtından əvvəl şərti azad etmə prosesinin tətbiqi imkanları daha da genişləndirilir. Hesab edirəm ki, bu çox əhəmiyyətli bir məsələdir”.

Əliməmməd Nuriyev sonda onu da qeyd edir ki, müəyyən müddətdən sonra ki, yəni 6-7 il cəza çəkəndən sonra məhkum artıq fərqli, submədəniyyətə sahiblənir. Bu da şübhəsiz ki, gələcəkdə azadlığa çıxandan sonra kriminal mühitə dönməyə mühum təsir göstərir. O, əlavə edir ki, hal-hazırda Penitensiar xidmətdə aparılan islahatlar istər-istəməz kriminal mühitə də müsbət təsir göstərir.

 

Pərviz Həşimli 

Gununsesi.info