
Azərbaycanın görkəmli hüquqşünaslarından biri olan Fuad Ağayev olduqca maraqlı bir məqamı şərh edib.Belə ki, cəbhədə məğlubiyyət yaşayan Ermənistanın Gəncə və digər ərazilərimizi raket atəşinə tutmasından sonra eyni hücumu Ermənistana etməyimizə dair çağrışlar var.
Gununsesi.info Fuad Ağayevin şərhini təqdim edir:
Bu sual çox aktualdır: Azərbaycan Respublikasının hərbi əməliyyatları Ermənistanın ərazisinə keçirmək hüquq varmı? Bəli, beynəlxalq hüquq baxımından var, amma siyasi baxımdan bunu qəti şəkildə məqsədəuyğun saymıram.
Beynəlxalq hüquqa əsasən, Ermənistan Respublikasının silahlı qüvvələri dövlətimizin ərazisini davamlı olaraq işğalda saxlayır, Ermənistanın Müdafiə Nazirliyi ölkəmizə mütəmadi olaraq həmin dövlətin rəsmi qoşun və hərbi texnikasını, habelə muzdluları göndərib və göndərir, ərazimizi bilavasitə Ermənistandan raket zərbələrinə məruz qoyur, xüsusilə də mülki obyektləri, döyüşlər zonasından kənarda yerləşən yaşayış məntəqələrini, dinc əhalini, mülki infrastrukturu hədəfləyir. Ermənistanda ümumi hərbi səfərbərliyə cəlb edilən on minlərlə hərbçi, onların silahlı qüvvələri heç nədən çəkinmədən Azərbaycan Respublikasına qarşı döyüşmək üçün sərhədlərimizi keçir, dövlətimizə hücum edirlər. Yəni burada söhbət Ermənistan Respublikasının ölkəmizə birbaşa təcavüzündən gedir ki, bunu mübahisələndirmək mümkün deyil. Əlbəttə ki, bu halda təcavüzə məruz qalmış Azərbaycanın hərbi əməliyyatları Ermənistanın ərazisinə də keçirmək haqqı var. Bu, Ermənistan rəhbərliyini bizim ərazidə çoxsaylı ağır cinayətlər törətməkdən daşındırar, qoşunların orada daha gərəkli olması nəticəsinə gələ bilərdi.
Lakin siyasi baxımdan bu hazırda yolverilməzdir. Azad edilmiş rayonlarla sərhədlər Rusiya sərhədçilərinin nəzarətinə götürülüb. Bu o deməkdir ki, Ermənistan ərazisinə keçmək üçün qoşunlarımız Rusiya ilə toqquşmalı olacaq, bu isə KTMT-nin (ОДКБ) adı altında müharibəyə Rusiyanın müdaxiləsi üçün sonuncuya bəhanə verə bilər. Bu halda qardaş Türkiyə Respublikası da Azərbaycanın müdafiəsi üçün öz qoşunlarından istifadə etmək məcburiyyətində qalar. Hətta sərhəddə rəsmi Rusiya olmasaydı belə, Azərbaycan hərbçiləri Ermənistana daxil olacağı təqdirdə RF-nın müdaxilə ehtimalı böyükdür. Bu səbəblərdən düşünürəm ki, uğurlu döyüş əməliyyatlarını elə öz ərazimizdə davam etdirərək, düşməni susdurmamız məsləhətdir.
Gununsesi.info