Azərbaycan hökuməti Covid-19 cərimələrini ləğv edə bilərmi? - PARLAMENTİN KOMİTƏ SƏDRİ DEYİR Kİ...

Xəbər verdiyimiz kimi, Gürcüstan hökuməti COVİD-19 pandemiyası səbəbindən elan edilən karantin rejiminin pozulmasına görə vətəndaşlara yazılmış cərimələri silib.
Bəs görəsən,   Azərbaycan hökuməti də eyni addımı atmağa hazırdırmı?

Bu suala aydınlıq gətirmək üçün Gununsesi.info-nun əməkdaşı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədrinin müavini Musa Urudla söhbətləşib. Saytımıza açıqlamasında Musa Urud bildirib ki, hökümətin əsas diqqəti cərimələr yox, pandemiyanın geniş yayılmasının qarşısını almaqdır:

“İnşallah, hamımız bir yerdə çalışaq yaxşı vaksinasiya olunaq. Birinci məsələni belə qoymaq lazımdır ki, yaxşı vaksiyansiya olunmaqla pandemiyanı yenək.   Ondan sonra bir-birimizə hər şeyi bağışlaya bilərik. Bu saat bizə lazımdır ki, pandemiyanı atlada bilək, daha az insanımız xəstələnsin, daha az insanımız vəfat etsin. O cərimələr dövlət büdcəsinə ödənilir, bu cərimələr insanları qaydalara tabe olmağa məcbur edir.

Mən hesab edirəm ki, ilk növbədə DİN karantin qaydalarını  pozulmasına görə, yazılmış cərimələrin analitikasını aparmalı və təhlil etməlidir. Müəyyən olunmalıdır ki, bu cərimələr tətbiq olunandan sonra vəziyyət necə olub. Mən sizə səmimi deyim , hətta ola bilərdi ki, bu cərimələr olmasa daha acınacaqlı bir vəziyyət ortada olardı. Ümumiyyətlə, hökümətin məqsədi o deyil ki, insanlara cərimə yazılsın və ya bu cərimələr hesabına büdcəni doldursun. Qətiyyən, Azərbaycanın buna ehtiyyacı yoxdur.
Burada söhbət insanları qaydalara sövq etməkdən gedir , söhbət pandemiyanın daha geniş vüsət almasının, insan ölümlərinin qarşısını alınmasından gedir, məqsəd budur. Gələcəkdə bu məsələlərə baxıla bilər, əsas məsələ indiki məqamda bizim bu dalğadan az itki ilə çıxa bilməyimizdir”.

Günay Təhməzova
Gununsesi.info