“Azərbaycan hökumətinin likvidlik riski aşağıdır” – “Moody”sdan AÇIQLAMA

  • By admin
  • 16 Dekabr 2016 11:38

moodys

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın “neqativ” proqnozlu “Ba1” dərəcəli kredit reytinqini təhlil edərək bildirib ki, bu, ölkənin iqtisadi artımı üçün yaranan riskləri əks etdirir. 

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın kredit reytinqi ilə bağlı illik təhlil hesabatında açıqlanıb. 

Belə ki, sənəddə, həmçinin qeyd olunub ki, iqtisadi artım üçün yaranan risklərin səbəbi milli valyuta – manatın məzənnəsinin düşməsi, alıcılıq qabiliyyətini aşağı salan yüksək inflyasiya, ev təsərrüfatlarının azalan istehlakı və bank sektorunun zəif vəziyyəti ilə əlaqədar investisiya perspektivlərinin azalmasıyla bağlıdır.

Hesabatda Azərbaycanın iqtisadi gücü baxımından kredit ödəmə qabiliyyəti  “aşağı +”, institusional möhkəmlik baxımından “aşağı -“, fiskal möhkəmliyi yüksək və hadisələrə həssaslıq riski isə orta qiymətləndirilib. Bu 4 analitik amil “Moody’s”in Müstəqil İstiqraz Reytinq Metodologiyasının əsasını təşkil edir.

Azərbaycanın “Ba1” kredit reytinqi bir sıra kredit üstünlükləri ilə dəstəklənir. Bunlardan birincisi, önəmli həcmdə karbohidrogen ehtiyatları, ikincisi, aşağı səviyyədə olan dövlət borcları, o cümlədən, aşağı faiz ödəmələri (lakin borcların getdikcə artdığı qeyd olunub), üçüncüsü, daxili və xarici şoklara qarşı iri valyuta ehtiyatlarıdır.

Bununla yanaşı, reytinqin artırılmasını əngəlləyən amillər arasında iqtisadiyyatın aşağı səviyyədə diversifikasiyası, zəif bank sektoru, zəif institutlar və geosiyasi gərginlik sadalanıb.

Agentlik 2014-cü ildən başlayan neft qiymətlərinin azalması nəticəsində Azərbaycanın xarici şoklara dözümlülüyünün zəif olduğunu göstərib.

“Moody’s” 2015-ci ildə Azərbaycanda iqtisadi artımın 1,1% olduğunu, 2016-cı ildə isə 3,3% geriləmə olacağını proqnozlaşdırır. Belə ki, ölkənin nominal ixracı azalıb, dövlət xərcləri ixtisar edilib. Lakin 2017-ci ildə 1,1%, 2018-ci ildə 1,9% iqtisadi artım gözlənilir. Gələn il zəif iqtisadi artım gözlənilən yüksək inflyasiya ilə əlaqələndirilir.

Agentliyin ekspertləri hesab edirlər ki, son illərdə əldə olunan nailiyyətlərə baxmayaraq, Azərbaycanın institusional möhkəmliyi “aşağı -” səviyyəsindədir. Azərbaycan hələ də “Ba” olan kredit reytinqinə sahib olan ölkələrlə müqayisədə institusional dayanıqlılıq meyarı üzrə daha aşağı səviyyədə yer alıb. Azərbaycanın aid olduğu reytinq kateqoriyasında olan ölkələr isə “Qanunlara riayət olunması” və “Dünya ölkələrində dövlət idarəetməsində korrupsiyaya qarşı mübarizə” indikatorları orta səviyyədədir və bu göstərici üzrə onlar Azərbaycandan daha yüksək pillədədir. Bundan başqa, bir sıra vacib makroiqtisadi göstəricilərin əldə edilə bilməməsi səffalıq və effektiv qiymətləndirməyə mane olur.

“Moody’s” 2016-cı ildə Azərbaycanda fiskal konsolidasiyaya tam əməl edildiyini bildirib və ölkənin fiskal gücünü yüksək qiymətləndirərək bildirib ki, dövlətin maliyyə ehtiyatları neft qiymətlərinin dəyişməsinə həssas olsa da, dövlət borclarının idarə oluna bilən səviyyədə olması, kifayət qədər valyuta ehtiyatlarının mövcudluğu, yüksək borc ala bilmə imkanları ölkəyə fiskal rahatlıq gətirir.

Agentlik geosiyasi risklər arasında Dağlıq Qarabağ problemini qeyd edib.

“Moody’s” digər riskləri açıqlayaraq bildirib ki, Azərbaycan hökumətinin likvidlik riski aşağıdır, dövlət borcunun aşağı səviyyəsi və xarici aktivlərin sabitliyi qorunub saxlanılır. Bank sektoru kiçik olduğundan, riski də aşağıdır. Belə ki, hökumət kifayət qədər aktivlərə sahibdir. Buna baxmayaraq, yüksək faizlər, milli valyutanın ucuzlaşması və iqtisadi azalma bank sektoru üzrə proqnozun “neqativ” olmasının əsas səbəblərindəndir.

Gülnaz Qənbərli

Gununsesi.info