
Almaniyanın Maqdeburq şəhərində əcnəbilərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədilə görüş keçirilib.
Bu haqda Gununsesi.info-ya Diasporla İş Üzrə Dövlət Komitəsinin məlumat verilib.
Tədbir Maqdeburq şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Bələdiyyə binasında “Maqdeburqa xoş gəlmisiz” devizi altında baş tutub. Maqdeburqada yaşayan müxtəlif xalqların nümayəndələri görüşdə iştirak etməklə yanaşı, ölkələrinə aid müxtəlif çap məhsulları nümayiş etdirib, digər xalqlara öz tarixi, mədəniyyəti barədə məlumat veriblər. Tədbirdə Azərbaycanı Maqdeburqada fəaliyyət göstərən Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.
Tədbiri giriş sözü ilə açan Maqdeburq şəhər Bələdiyyəsinin sədri Lutz Trumper bu şəhərdə məskunlaşan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasını təmin etmək üçün hər cür şərait yaradılacağına əmin edib.
Üç saat davam edən tədbirə digər xalqların nümayəndələri ilə yanaşı, Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təmsilçilərinə də söz verilib. Cəmiyyətin sədri Yaşar Niftəliyev və təşkilatın üzvü Nadya Paşkova ölkəmiz, onun tarixi, mədəniyyəti, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara geniş məlumat verib. Diaspor nümayəndələri Maqdeburqda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiya məsələlərində üzləşdiyi problemləri də Bələdiyyə rəhbərinin diqqətinə çatdırıb.
Tədbir çərçivəsində Cəmiyyətin təmsilçiləri Azərbaycan guşəsində müxtəlif kitab, buklet və digər çap məhsulları nümayiş etdirib.
Gülnaz Qənbərli
Gununsesi.info