Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı

  • By admin
  • 19 İyul 2022 10:16

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Bakıda imzalayıblar.

Gununsesi.info-nun xəbərinə görə, deputat Vüqar Bayramov deyib ki, sənəd tərəflər arasında strateji əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.

Millət vəkilinin fikrincə, Avropa İttifaqı Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kub metr qaz idxal etmək niyyətindədir:

“Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir. Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan “Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan – “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”dən qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühim alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayı artmaqdadır. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər”.

Vüqar Bayramov düşünür ki, memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da bütövlükdə İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur:

“Yeni düzən fonunda bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68.7 faiz artıraraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib. Avropa İttifaqı da Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəl, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyuluşu həyata keçirib”.

Ekspertin fikrincə, Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib:

“Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticari və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Bu gün Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək. Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün də uzaqda deyil”.

Gununsesi.info