Azərbaycan insan alverinə qarşı ciddi tədbir görmür - ABŞ AZƏRBAYCANI TƏNQİD ETDİ

  • By admin
  • 02 İyul 2021 22:20

Azərbaycan üçüncü ildir ki, insan alverinə qarşı mübarizə üçün kifayət qədər tədbir görmədiyinə görə ABŞ Dövlət Departamentinin “müşahidə siyahısına” daxil edilib.

Cümə axşamı nəşr olunan illik insan alveri hesabatında Dövlət Departamenti yenə də Azərbaycanı insan alveri sahəsində ciddi problemlərin olduğu və hökumətlərin bu halınaradan qaldırılması üçün kifayət qədər tədbir görmədiyi ölkələr sırasına daxil edib.

Azərbaycanla bağlı “insan alverinə görə daha ciddi hökmlərin çıxarılması və daha çox qurbanın aşkar edilməsinin” vacibliyindən danışılır.

“Hökumət qurbanlara yardımın maliyyələşdirilməsini bir qədər artırıb, yardım mərkəzləri vasitəsilə qurbanlara ciddi yardım göstərməyə davam edib, həmçinin 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planını qəbul edib”, – hesabatda bildirilir.

Lakin Azərbaycan hökuməti əvvəlki hesabat dövrü ilə müqayisədə “ümumi səy göstərməyib”. Hakimiyyət daha az araşdırma aparıb və insan alverçilərini az pisləyib.

“Hökumətin insan alverinə qarşı mübarizədə idarələrarası əməkdaşlığa dair səyləri yetərli deyil və o, əmək şəraitilə bağlı az təftiş aparır”, – hesabatda deyilir.

Dövlət Departamenti bütün bunları nəzərə alaraq, üçüncü dəfə Azərbaycanı traffikinqlə bağlı ciddi problemlərin olduğu ölkələr siyahısına daxil edib.

Lakin bu, ölkənin müşahidə siyahısında 2-ci səviyyədə qalması ilə bağlı sonuncu haldır. Belə ki, səviyyə ya artırıla, ya da ən aşağı  3-cü səviyyəyə endirilə bilər ki, bu da sanksiyalara və yardımların azalmasına səbəb ola bilər.

“Gələn il biz kifayət qədər irəliləyiş görməyə ümid edirik, əks halda Azərbaycanı dördüncü il ard-arda nəzarət siyasısında 2-ci səviyyədə saxlaya bilmərik və Azərbaycanın statusunu 3-cü səviyyəyə endirməli olacağıq”, – Dövlət Departamentinin İnsan Alverinə Qarşı Mübarizə və Monitorinq İdarəsinin direktoru vəzifəsini icra edən Kari Conston hesabatın təqdimatı zamanı bildirib.

“Ölkənin müşahidə siyahısında 2-ci səviyyədə qala biləcəyi müddət Dövlət Departamentinin qərarı deyil, ABŞ Konqresinin qərarıdır”, – o, brifinq zamanı Turan-ın müxbirinin sualına cavabında deyib.

Builki hesabatda insan alverçilərinin araşdırılması, məhkəmə təqibi və pislənməsi üzrə tədbirlərin gücləndirilməsi və onların barəsində həbs hökmlərinin çıxarılması daxil olmaqla, tövsiyələrə diqqət yetirilir.

Digər tövsiyələrə aşağıdakılar daxildir: məcburi əmək və uşaq alveri faktlarının aşkar edilməsi üçün fəal səylərin gücləndirilməsi; insan alveri qurbanlarının yoxlanılması üçün standart operativ prosedurların hazırlanması və həyata keçirilməsi; vəzifəli şəxslərin təlimi, miqrantların yoxlanılması, dilənçi uşaqların və digər risk qruplarının yoxlanması.

ABŞ hökuməti insan alverinin faktiki miqyasını (rəsmi məlumatlardan fərqli ola biləcək) ölçə bilərmi? Bu sualın cavabında Conston deyib ki, bu, “əsl problem”dir.

“İnsan alveri gizli cinayətdir. Qurbanlar oğurluqda və ya hücumda olduğu kimi cinayətkarlara qarşı çıxmağa meylli olmur. Buna görə də hökumətlər bu qurbanları aktiv şəkildə müəyyənləşdirməyə borcludur”, – o bildirib. Bütün bunlar cinayətin miqyasının ölçülməsini çətinləşdirir.

Onun sözlərinə görə, hesabatda əsas diqqət hökumətin məhkəmə təqibləri və müdafiə vasitəsilə insan alverinə qarşı mübarizə səylərinə yönəldilir. Bütün bunlar cinayətlərin miqyasını ölçmür, ancaq hökumətlərin nə etdiklərini və bu tədbirlərin minimum standart meyarlara uyğun olub-olmadığını görməyə imkan verir, Conson qeyd edib.

 

Gununsesi.info