Azərbaycan, İran və Rusiya rəsmiləri Bakıda görüşəcək

Gələn həftə Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər.

Gununsesi.info bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Müsəvi məlumat verib.

HTML tutorial

O bildirib ki, görüşdə Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsinə də baxılacaq.

Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.

Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.

İran mətbuatı qeyd edib ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.

Bakıda keçiriləcək üçtərəfli görüş Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir.

Gununsesi.info