“Azərbaycan İranla münasibətlərdə prinsiplərinə sadiq qalır” -ŞƏRH

“Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərdə, o cümlədən İrana münasibətdə yaxın qonşuluq siyasəti yürüdüb. Çünki dövlətimizin siyasətinin təməlində bölgədə sülh və sabitliyin təmin olunması, təhlükəsizlik amili ən önəmli məsələlərdən biridir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında deputat Elçin Mirzəbəyli deyib:

“Bütün məsələlərdə olduğu kimi, bu sahədə də ölkənin milli maraqlarına söykənən Azərbaycan dövləti İranla münasibətlərində hər zaman elan etdiyi prinsiplərə sadiq qalıb. Bəlli olduğu kimi, Azərbaycan əraziləri tarixin heç bir dövründə, heç bir zaman kəsiyində İrana qarşı üçüncü dövlətlərin istifadəsi üçün imkan verilməyib və nəticə etibarilə ölkəmiz elan etdiyi bütün prinsiplərə sədaqət nümayiş etdirib.

Eyni zamanda müharibə dövründə də ölkəmizin sərgilədiyi mövqe, mənim qənaətimə görə, yaxın qonşuluq münasibətləri üçün nümunə ola bilər. Bu, özünü həm humanitar dəstəkdə aydın şəkildə göstərdi, həm də Azərbaycan dövlət başçısının İran liderinin vəfatından sonra səfirliyi ziyarət etməsində, başsağlığı verən ilk dövlət başçıları arasında olmasında özünü büruzə verdi.

Nəticə etibarilə Azərbaycan bütün cəhdləri ilə bölgədə sabitliyin təmin olunması üçün müxtəlif formalarda öz mövqeyini ifadə edib və müttəfiqləri, tərəfdaşları ilə birlikdə bu prosesdə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməyə çalışıb. Bu istiqamətdə ölkəmizin sərgilədiyi mövqe, mənim qənaətimə görə, yalnız mövcud dövr üçün deyil, gələcəkdə də qarşılıqlı münasibətlərin daha da inkişaf etməsində əhəmiyyətli rol oynaya bilər”.

 

 

Şəbnəm

Gununsesi.info