“Azərbaycan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiaları yer almır. Hüquqi varislik anlayışı isə siyasi və mənəvi varisliyi ifadə edir, ərazi iddialarını nəzərdə tutmur. Əgər Ermənistan hesab edirsə ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisliyini önə çəkiriksə, bu, Ermənistanın da öz hüquqi varisliyini etiraf etməsi deməkdir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:
“Məsələyə yanaşma ya tarixi, ya da müasir beynəlxalq hüquq çərçivəsində olmalıdır. Tarix önəmlidir, amma müasir reallıqlara tətbiq oluna bilməz. Azərbaycan Konstitusiyası isə dünyanın ən demokratik və insan hüquqlarını qoruyan ali qanunlarından biridir və bu baxımdan məsələyə məhz onun kontekstindən yanaşmaq düzgün olar”.
Elçin Mirzəbəyli vurğulayıb ki, Ermənistan Konstitusiyasında ərazi iddialarının yer alması isə BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir:
“Dövlətçilik fəlsəfəsi və sekulyar prinsiplər baxımından, biz öz Konstitusiyamızla qurur duymalıyıq. Bu il Konstitusiyanın 30 illiyini qeyd edirik və münasibətilə hər kəsi təbrik edirəm”.
Firuzə













