Azərbaycan modeli BMT-də Su Konfransında üzv dövlətlərə təqdim olunub

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Nyu-Yorkdakı qərargahında dövlət və hökumət nümayəndələri səviyyəsində keçirilən Su Konfransının plenar sessiyasında çıxış edib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, nazir çıxışında Azərbaycanda su ehtiyatlarının qorunması üçün atılan addımlardan bəhs edib:

“400-dən çox şirin su gölü və 8 000 çayı olan Azərbaycan su ehtiyatlarının qorunmasına xüsusi önəm verir. Azərbaycanın coğrafi mövqeyi və müxtəlif iqlimi ölkənin su ehtiyatlarını iqlim dəyişikliyinə və ətraf mühitin digər təsirlərinə qarşı son dərəcə həssas edir, Azərbaycan ərazisi üzrə su ehtiyatlarının qeyri-bərabər paylanmasından ölkə xüsusilə təsirlənir. Su təchizatımızın 70 %-dən çoxu sərhədlərdən kənar mənbələrdən gəlir. İqlim dəyişikliyinin su ehtiyatlarına mənfi təsirləri ilə yanaşı, Azərbaycan transsərhəd suların idarəedilməsi və çirklənmə ilə bağlı problemlərlə üzləşir və bu məqsədlə ölkəmiz öz ərazisindən axan transsərhəd çaylarda çirklənmə səviyyəsini və bununla bağlı təsirləri mütəmadi olaraq monitorinq edir”.

Nazir əlavə edib ki, Azərbaycan BMT-nin müvafiq razılaşmalarını, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla işi davam etdirir: “Təəssüf ki, regionun əksər ölkələri hələ də Su Konvensiyasına qoşulmayıb, bu da transsərhəd çayların davamlı idarə olunması üçün əməkdaşlıq imkanlarını məhdudlaşdırır. Transsərhəd su ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək və su qıtlığının qarşısını almaq məqsədilə Azərbaycan öz milli su siyasətini formalaşdırmışdır. Bundan başqa, hazırda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq su-iqlim siyasətinə inteqrasiyalı yanaşmaya əsaslanan Milli Su Strategiyası hazırlanır. Azad edilmiş ərazilərin bərpasında DİM-lərin potensialından istifadə etmək hazırda Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biridir.

Bu kontekstdə biz məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün ekoloji riskləri, o cümlədən su ehtiyatları ilə bağlı riskləri aradan qaldırmaq üçün BMT-nin müvafiq qurumları ilə fəal işləyirik. Ötən il Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndində keçirilən “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransı xüsusi qeyd etmək istərdim. Həmin ərazidə məcburi köçkünlərin 30 ildən sonra geri qayıtdıqları ilk kənd salınıb. Bundan əlavə, işğaldan azad edilmiş Ağdam rayonunda Azərbaycan və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında bu yaxınlarda növbəti “İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr”imizi keçirmişik. Bütün bunlar BMT ilə Azərbaycan arasında sıx əməkdaşlığı bir daha təsdiqlədi. Su bu mühüm tədbirin əsas prioritet, gündəm məsələlərindən biri idi”.

M.Babayev çıxışında xüsusilə qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələrə davamlılığı təmin etmək üçün Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin yaradılması üzrə milli layihələr hazırlanıb və bu layihə sadəcə ölkəmizə deyil, dünya ölkələrinə də töhfə verəcək: “Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli koordinasiya və əməkdaşlıq imkanlarını alqışlayır. Təhlükəli hidrometeoroloji hadisələrə davamlılığı təmin etmək üçün Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin yaradılması üzrə milli layihələr hazırlanır. Bundan əlavə, avtomatlaşdırılmış müşahidə sistemlərinin yaradılması hesabına hidroloji müşahidələrin müasirləşdirilməsi təmin edilir. Azərbaycan “Elektron su təsərrüfatı” informasiya sistemi vasitəsilə su ehtiyatlarının monitorinqi və idarə olunması üçün lazımi potensial yaradıb”.

 

 

Gununsesi.info