Azərbaycan neftçilərinin rəmzi - Akademik Xoşbəxt Yusifzadə haqqında düşüncələr...

  • By Mayil
  • 14 Yanvar 2020

Xəzər dənizinin sahilində dayanıb Günəşin doğulmasını seyr edə-edə sahilə ayaqüstü dəyib geri qayıdan dalğalarla həmsöhbət olmuşdum sanki… Ürəyim qeyri-ixtiyari məni, şəxsən tanıdığıma görə taleyimə minnətdar olduğum el ağsaqqalı, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təbirincə desəm Azərbaycan neftçilərinin rəmzi, akademik Xoşbəxt Yusifzadə haqqında fikirlərimi Xəzərlə bölüşməyə vadar etdi… Axı fəaliyyətinin böyük hissəsi bu dənizlə bağlı olub Xoşbəxt  müəllimin… Dənizin varaqlanan kitabı xatırladan dalğaları sanki bu böyük kişinin ömür kitabının səhifələri olaraq varaqlanır gözlərim önündə… İstər-istəməz qəlbimdə Xoşbəxt müəllimə xitabən bu hisslər keçir içimdən…

 

 

“Dəniz, dəniz, ay dəniz… ana  Xəzər…  etibarlı yoldaş, sədaqətli dost olan Xəzər… 90 ildir ki, Xoşbəxt müəllimlə yol yoldaşısınız… Sənin kitab kimi varaqlanan dalğalarında, səhifə ləpələrində yazılıb onun həyatının acılı-şirinli, enişli-yoxuşlu hər günü… Sən onun zəhmətini sularında qərq etmədin yox… əksinə, alın tərinin hər zərrəsini bir uğura çevirdin, şöhrətindən şöhrət, hörmətindən hörmət verdin ona… Sən onun əsas həyat amalına çevrilən “zəhmətin heç zaman itməməsi”nin ən böyük həqiqət olduğunu  sübut etdin… Sən, məhz sən onu  Azərbaycan neftçisinin canlı obrazına,  rəmzinə  çevirdin…”

 

 

Xoşbəxt müəllim olduqca maraqlı, 90 illik bir tarixin canlı şahidi, zəhmətkeş və bir qədər də Şərq müdriki kimi zarafatcıl, əsl Azərbaycan kişisinin malik olduğu yüksək keyfiyyətlərin daşıyıcısı olan insandır… Onun həyatı əsl örnək mənbəyidir… Mübaliğəsiz deyirəm ki, Xoşbəxt müəllim qədər sadə, eyni zamanda ali şəxsiyyətin maraqlı həyatından və şərəfli əmək fəaliyyətindən bəhs edən, baş məsləhətçi  SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, quruluşçu rejissoru sənət dostum, əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadə, quruuşçu operatoru əməkdar incəsənət xadimi Rafiq Quliyev olan 2 hissəli “Fədakar” filminin  ssenari müəllifi və bədii rəhbəri olaraq ondan çox şeylər öyənməyə nail olmuşam. Söhbətlərini  Molla Nəsirəddin lətifələri, atalar sözləri, müdrik kəlamlar üzərində quran Xoşbəxt müəllimlə olan görüşlərin heç biri unudulmur, yaddaşlara həkk olur… Bu dəyərli şəxsiyyətin  maraqlı ömür hekayələrinin ayrı-ayrı epizodlarını bölüşmək  istəyi keçdi qəlbimdən…

 

 

Uşaqlıq  illəri

 

Xoşbəxt  Bağı oğlu Yusifzadə  1930-cu ilin yanvarın 14-də  anasının ad günündə, Bakının  Pirşağı kəndində dünyaya göz açıb…   Bu repressiyaların, həbslərin başladığı dövr idi…  Atası həbs olunanada  onun beş yaşı olub…  Pirşağıdakı 112 №li  orta məktəbdən başlanıb Xoşbəxt müəllimin elmə gedən yolu…

 

 

Amansız müharibə  o dövrün  uşaqları  kimi  onun da uşaqlıq illərininin sevincini əlindən alıb…  Balaca Xoşbəxt  hər gün göz yaşları ilə övladlarını cəbhəyə yola salan, qara kağız alıb saçlarını yolan anaların  fəryadının şahidi olub… O, arxa cəbhədə yorulmadan çalışan insanların, qadınların, qocaların   fədakarlığını  görüb…  O, məktəbin say-seçmə şagirdlərindən olub. Məktəbliykən yaxşı bir dram dərnəyi də təşkil edib… Rejissorluq da edib, aktyorluq da… Çox vaxt baş  rolları  özü oynayıb…  Repertuarlarında  “Bəxtsiz  cavan”,  “Vaqif”  kimi əsərlər  olub…

 

Xoşbəxt Yusifzadə məktəbdə Arkadi  Qaydarın “Timur və onun komandası” əsərinin təsiri altında  dostları ilə “Gənc Timurçular” dəstəsi yaradır. Kənddə onlara “Xoşbəxt və onun komandası” deyirdilər.   Komanda üzvləri məktəbdə, kənd içində şuluq salan, dərsdən yayınan uşaqlarla ciddi danışır, onları ictimai işlərə cəlb edir, komsomol tapşırıqları verirdilər. Bu o qədər də asan olmurdu və bəzən hətta davaya da düşürdülər …

 

O, bədii ədəbiyyatı çox sevib… Axundov, Ordubadi,  Haqverdiyev, Mirzə Cəlil, Sabir, Cabbarlı, Tolstoy, Cek Lodon kimi yazıçıların əsərləri dünyanı dərk etmək yolunda ona bələdçilik  edib.  O, demək olar ki, məktəb kitabxanasında olan bütün bədii ədəbiyyatı  oxumuşdu…

 

 

Ali  arzulara  doğru

 

Əslində o, Tibb İnstitutunda oxumaq,  həkim olmaq istəyirdi… Amma, təsadüf  elə gətirdi ki, sinif yoldaşı Əkbərin qardaşı Mahmud  və onun dostu Ələkbər ona dedilər ki, sən neft buruqları səltənətində doğulmusan, neftçi olmalısan. Bu  şərəfli peşədir, neftçilərimizlə hamı fəxr edir… Ona görə də 1947-ci  ildə  Azərbaycan Sənaye İnstitutuna qəbul imtahanlarını uğurla  verərək “Geoloji-Kəşfiyyat fakültəsinin Neft və Qaz yataqlarının  geologiyası və kəşfiyyatı” bölməsinə  daxil  oldu…

 

…Hər gün Pirşağıdan şəhərə gəlib-getmək asan deyildi.  Vaxtının çoxunu yolda itirirdi.  Əlbəttə, institut həyatına, ali təhsilin çətinliklərinə, institutun tədris  sistemindəki  fərqliliyə, mühəndis-geoloq ixtisasına yiyələnməyin tələblərinə  alışmaq lazım idi…  İlk baxışdan bunlar  Xoşbəxt müəllimə  bir qədər  əziyyətli görünürdü…  İş o yerə gəlib çatıb ki, institutu atmaq istəyib. Lakin ana danlağı onu bu fikirdən daşındırıb…  Sakinlərinin sayı 11-14 nəfərə çatan tələbə yataqxanasına  düzəlib və  əsl zəhmətə qatlaşandan  sonra  uğurlara  imza atdı.  O, əlaçı  təqaüdçülər sırasına düşdü…  Bu təqaüdlə ailəsinə  də kömək  etmək imkanı oldu…  Energetika fakültəsində təhsil alan Fəridə adlı qızla təsadüfən tanış oldu… Bu onun ilk və son məhəbbəti olub.

 

…1952-ci ildə institutu  “neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” fakültəsini  dağ mühəndisi ixtisası üzrə bitirdi… Alimlər onun  “diplom layihə”sinin  namizədlik dissertasiyasına bərabər olduğunu, aspiranturaya girəcəyi tədqirdə  bir  ilin içində  müdafiə  edə  biləcəyini  söyləmişdilər… Aspiranturada təhsilini davam etdirmək məqsədilə  təyinatdan  imtina etdi.  Lakin  bir qədər sonra dekan  ona  atasının həbs edilməsinə  görə sənədlərinin  Moskva tərəfindən geri qaytarılmasını  bildirdi… Əslində  Moskvaya  heç bir sənəd göndərilməmişdi.  Sadəcə olaraq onun yerinə o vaxt böyük vəzifədə  çalışan kiminsə oğlunu salmışdılar.   Acı həqiqət bu idi ki, o, aspiranturadan da qaldı, təyinatdan da…

 

 

Əmək meydanında ilk addımlar

 

“Dövlətxüsusineftlayihə” idarəsinə iş üçün müraciət etdi və qısa vaxtda işlə təmin olundu.  Amma, maaşı tələbə təqaüdündən o qədər də çox olmadığından orada çox işləyə bilmədi… “Dənizneftistehsalat” Birliyində  işə düzəlmək üçün Moskvaya məktub yazdı və  müsbət cavab aldı… Birlikdə böyük  mühəndis, sonra bölmə  rəisi vəzifələrində işlədi.  Buradakı məvacibi  əvvəlkindən xeyli çox idi.  İstehsalatda çalışmazsa heç vaxt yaxşı geoloq ola bilməyəcəyini dərk edirdi…  Ona görə də ərizə yazıb Neft daşlarında işə düzəldi. Evdə də, işdə də, hamı onu  Neft Daşlarına getmək fikrindən daşındırmağa çalışdı…  Narahat idilər… Ən çox da anası narahat idi… Deyirdi ki, ağlını başına yığ, əcəl səni girləməsin. Bu çəlimsiz vücudunla orada necə duruş gətirəcəksən?!.  Amma o, əsl  zəhmətin yerdə qalmayacağına inandığı üçün qərarını dəyişmədi… Niyət etdiyi mənzilinə doğru getdi….   O vaxtlar   “Andoqa” gəmisi  ilə şəhərdən Neft  Daşlarına hava yaxşı olanda 8-9 saata gedib çıxardılar…  Beləliklə, Xoşbəxt müəllim 1954-cü ilin mart ayından Neft daşlarının birinci mədənində böyük  geoloq vəzifəsində  işləməklə  taleyini  dənizlə  bağladı…

 

Xəzərlə bağlanan ülfət…

 

Amma, dənizdə işləmək  o qədər də asan deyildi…  Dəniz həmişə mülayim xasiyyətli olmur ki… Onun coşub çağlayan, fırtınalı, çovğunlu üzü də var… Hamı kimi bunu o da çox yaxşı bilirdi… O, bütün çətinliklərə sinə gərir,  həvəslə  işləyir, axtarışlar aparırdı. Ona görə də tezliklə tanındı. Mədən geoloqlarının fəaliyyətində əsl inqilab etdi, elmi-tədqiqat işlərinin miqyasının genişlənməsinə nail oldu. Ən son yeniliklərin tətbiqinə diqqət xeyli artırıldı. Ona görə idi ki, bütün tədqiqat işləri onun rəhbərlik etdiyi şöbədə cəmləndi. Elə həmin il Neft Daşlarında laylara su vurulması  prosesi  başlandı. Az sonra bu işlərin sorağı Azərbaycanın  bütün neft  sənayesinə  yayıldı…

 

 

Ailə

 

1957-ci il yanvarın 12-də onun şəxsi həyatında çox əlamətdar hadisə baş verdi… Sevib seçdiyi, əhd-peyman bağladığı Fəridə xanımla ailə  həyatı qurdu.  Bakıda  toyları, adətən, payızda, ya da yazda edərdilər. Onun toyu isə qışa düşdü. O, hamı kimi çadır qurub toy etmədi. Onda iki şüşəbəndləri vardı…, onları birləşdirib yüzə qədər qonağı ora yerləşdirib kompaniya qurdular və  toy səhər saat beşə qədər çəkdi. İlk dəfə olaraq Pirşağıda  onlar belə fərqli  toy etdilər.  Bu toy da bir yenilik oldu kənd üçün…

 

Ömrü-günü  dənizdə keçirdi Xoşbəxt müəllimin… Xəzər də ona doğmaları qədər əzizdir… Onun həyatı da eynən dəniz kimi, bəzən təlatümlü, bəzən də sakit olub…. Həyatın qəribə üzləri var… yolları heç də həmişə hamar olmur… Bir tərəfi güləndə, o biri tərəfi  ağlayır. Tanrı ona iki oğul, bir qız payı vermişdi… 1968-ci ildə ikinci oğlu Elçin  8 yaşında ikən xəstəlikdən vəfat edəndə dünya onun gözündə itirdi dəyərini… Onun itkisi böyük dərd oldu ailəyə…  1971-ci ildə isə qızı Eltacın dünyaya göz  açması sanki bir təskinlik idi… Sanki Allah bu körpəni Elçinin əvəzi göndərdi onlara… İnstitutu qırmızı diplomla bitirib mühəndis oldu. İndi xaricdə işləyir… Üzü yenicə gülməyə başlayanda böyük  oğlu Bağı da onları tərk edib əbədiyyətə qovuşdu… Fələyin üzü dönsün… Atasının adını ona vermişdi ki, öz ata həsrətini yox  etsin… Amma övlad itkisi  oğul həsrətini ata həsrətinə qatıb dərdini iki elədi onun.  Bağıların heç biri vəfa etmədi Xoşbəxt müəllimə… Biri uşaq vaxtlarında, o biri qoca yaşlarında onu tək qoydu… Yolunun davamçısı idi Bağı. Tanınmış neft mütəxəssislərindən biri  idi. Bir vaxtlar  Vyetnamda  çalışıb, ölkəmizi təmsil edib…

 

 

Elm və həyat

 

Xoşbəxt müəllim Neft Daşlarında konkrekt işi ilə yanaşı elmi tədqiqatla da məşğul olub. İlk “Ştüserarxası təzyiqin quyunun məhsuldarlığına təsiri” adlı elmi məqaləsi 1957-ci ildə “Azərbaycan Neft Təsərrüfatı”  jurnalında dərc edilib. O vaxt bu məsələdən cox  danışılırdı,  lakin onun həlli düyünə düşmüşdü.  Problemin həll olunmasının yolu ilk dəfə bu məqalədə  öz əksini tapdı… O, 1961-ci ildə “Neft quyuları və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub qərb qanadının neftli obyektlərinin səmərəli işlənməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib “Geologiya Minerologiya elmləri  namizədi”  elmi adını  alıb.

 

Xoşbəxt müəllim 1983-cü ildə elmi əsərlərini doktorluq dissertasiyası  şəklində müdafiə üçün Azərbaycan Elmlər Akademiyasının  Geologiya İnstitutuna təqdim edib. Lakin  aydın oldu ki, rəhbər işçi olduğuna görə müdafiə üçün  Mərkəzi Komitənin icazəsini almalıdır. Oradan da dedilər ki, Bakıdan başqa  hansı şəhərdə istəsə müdafiə edə bilər. Əlbəttə, özünə qarşı belə bir münasibət  gözləmirdi və bu onun əlini elmi işdən bir qədər soyutdu…

 

…Nəhayət, Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunun laboratoriya müdiri Leonid Lebedevin təklif ilə 1987-ci ilin iyul ayında doktorluq dissertasiyanı  Moskvada, elə həmin institutda  müdafiə  edib elmlər doktoru elmi  adını  aldı…

 

Qeyri –adi  görüşlər

 

…SSRİ Neft Sənayesi Nazirliyi tərkibində ölkənin Cənub-Şərq rayonları üzrə  baş idarə yaradılmışdı.Yeni idarəyə Əli Qarayev rəhbərlik edirdi. O, Mənsur Əhmədovu baş mühəndis, onu isə  həmin  idarənin baş geoloqu vəzifəsinə dəvət etmişdi…  Hər  ikisi Moskvaya  köçməli idi.  Təklif  nə qədər maraqlı görünsə də, Bakıdan  ayrılmaq  Xoşbəxt  müəllimə  çox çətin gəlirdi… Bundan  Birinci katib Vəli Axundovun da xəbəri vardı.  Lakin onların heç biri  Moskvada qalmaq istəmirdi… SSRİ Neft Sənayesi naziri, Bakı əsilli  Şaşinlə görüşdə o, fikrini açıq bildirdi…  Əli Qarayev  məsələnin bu formada həlli üçün respublika rəhbərliyindən  icazə almağın vacibliyini bildirdi… Xoşbəxt müəllim Moskvada Vəli Axundova zəng vurur  və Moskvada işləyə bilməyəcəyini   nəzərə çatdırır.  Birinci katib çox təkid etsə də, Xoşbəxt müəllim fikrindən dönmür… Beləcə, o,  Bakıya qayıdır  və işinə davam edir…

 

 

Bu hadisədən xeyli sonra Vəli Axundovla onun görüşü bir də 1968-ci ildə Mərkəzi Komitənin Sənaye üzrə katibi Andrey Kirilenko  Bakıya gələndə baş tutdu…  O vaxt  maraqlı bir hadisə də  baş vermişdi… Ümumiyyətlə, Xoşbəxt müəllim olduqca zarafatcıl, xoş xasiyyətə malik, baməzə  insandır… Molla Nəsirəddin lətifələrini onun qədər əzbər bilən ikinci kimsə yoxdur ki, bu da onun müdrikliyindən irəli gəlir… O, adi və  ən ali insanlarla da yumorun dili ilə danışmaqdan çəkinməyib… Beləliklə, “Qum ada”sına gələn Kirilenkoya neftçilərin işi barədə məlumat vermək Xoşbəxt müəllimə  tapşırılmışdı…  O, vəziyyətlə bağlı məlumat verib proqnoz ehtiyatlardan danışır… Kirilenko onun sözünü kəsib deyir ki, proqnoz ehtiyatlarından hər yerdə danışılır. Sən mənə sadə dildə proqnoz ehtiyatlarının mahiyətini izah edə bilərsənmi?  Xoşbəxt müəllim cavab verir ki, Şərq müdriki  Molla Nəsirəddinin bir lətifəsi ilə  bunu izah etməyə çalışacaq və lətifəni danışmağa başlayır:  bir gün məhəllə sakinləri yığışıb Molla Nəsirəddinin evinə gedirlər ki, molla onlara plov qonaqlığı versin. Arvadı bunu görüb mollaya deyir ki, evdə nə ət, nə yağ, nə düyü var…, mən plovu nə ilə bişirib qonaqları yola salım?!  Molla vəziyyəti görüb qonaqları mətbəxə çağırır və iri qazanı götürüb deyir: Baxın ay qonşular, əgər evdə ət, yağ, düyü olsaydı, mən sizə bu qazanın dolusu plov bişirtdirib üstündə qarası ilə yaxşı bir qonaqlıq verərdim…  İndi bu proqnoz ehtiyatları da belədir ki, əgər  yerin altında lazım olan təbəqələr normal quruluşa malik olsalar, qum və gil layları orada neftin və qazın yığılmasına imkan yaradarsa, orada neft və qaz ehtiyatlarının  nə  miqdarda  yığılma ehtimalının toplana biləcəyi  praqnozlaşdırılır ki,  buna proqnoz ehtiyatları deyirlər. Bundan sonra Kirilenko başda olmaqla  bütün nümayəndə heyəti gülürlər və ali rəhbər onun əlini sıxıb adının rusca tərcüməsi ilə deyir:  Ey Siçastliyıy, çox yaxşı izah etdiniz, bildim proqnoz ehtiyatları  nədir…

… 1960-cı ildə SSRİ rəhbəri Nikita Xruşşov Neft Daşlarına gələndə də qəribə hadisə baş verdi. Xoşbəxt müəllimin rəhbəri olduğu ərazidə laylara vurulan suyun təzyiqini artırmaq məqsədilə  iki nasos birləşdirirdilər.  Neftçilərlə ümumi görüşdən sonra SSRİ rəhbəri nümayəndə heyəti ilə həmin nasoslar olan əraziyə tərəf hərəkət etməyə başlayır.  Xoşbəxt müəllim bərk narahat olur. Əgər həmin nasosların rezin  boruları təzyiqdən yerindən çıxsa, bədbəxt hadisə baş verə bilərdi. Bunu görən Xoşbəxt müəllim tez irəli yeriyib  Xruşşovun qarşısını kəsib ona “Neft Daşlarına  xoş gəlmisiniz” deyir və istehsalatla bağlı söhbətlər başlanır. Beləliklə, Xruşşovun  “təhlükəli zonaya” gedişinin qarşısı alınır…

1976-cı ildə SSRİ Nazirlər Sovetinin sədri Koseginin yanında bütün ölkə üzrə neft idarə rəhbərlərinin müşavirəsi keçirilir. Kasegin ciddi  adam  idi. İştirak etdiyi tədbirlərdə hələ heç kəs onu gülən görməmişdi. Müşavirədə Azərbaycan neftçiləri adından çıxış etmək Xoşbəxt müəllimə tapşırılır. Və o da  Xəzərlə bağlı problemlərdən  danışanda  deyir ki,  balıqçılar və hərbiçilər onlara kəşfiyyat işlərinin aparılmasına imkan vermirlər.  Kosegin deyir ki, Siz onları sıxışdıra  bilmirsiniz  ki,  sizə  imkan versinlər?! Xoşbəxt müəllim də deyir ki, Aleksey Nikolayeviç, biz nə qədər  bacarmışıqsa sıxışdırmışıq onları, nəticə zəif olub. İndi əgər Siz onları sıxışdırsanız bu əla olar, bizə də imkan açılar. Bundan sonra bütün müşavirə iştirakçıları və Kosegin də gülməyə başlayırlar… Məsələ qısa vaxtda həllini tapır…

 

Xoşbəxt müəllimin Rusiya Prezidenti Vladimir Putinlə görüşü də qeyri-adiliyi ilə yadda qalıb…  Rusiya prezidenti çıxışında Xəzərin  dibinin seysmik zona olduğu üçün  buradan keçən kəmərlərdə qəzaların baş verə biləcəyindən  narahatçılıq bildirir. …Fasilə zaman o, cənab İlham Əliyevə yaxınlaşıb bu fikirlə razı olmadığını bildirib. Ölkə başçısı deyir ki, gəlin sizi Vladimir Putinlə tanış edim. Fikrinizi şəxsən onun özünə bildirin.  O, Rusiya rəhbərinə deyir ki, Vladimir Vladimiroviç sizin 55 yaşınız tamam olub. Bu münasibətlə sizi təbrik edirəm. Mənim isə  dənizdəki iş stajım  55 ildir… Bu sözdən  sonra Vladimir Putin ona  gülə-gülə: “Demək istəyirsiniz ki, mənim yaşım qədər sizin dənizdə stajınız var…”- demişdi… Xoşbəxt müəllim 55 illik təcrübəsində dənizin dibindəki zəlzələdən boru kəmərinin qırılıb dağılması faktı ilə rastlaşmadığını deyir…

 

 

Heydər Əliyev qayğısı

 

Xoşbəxt müəllim bütün uğurlarını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin  zəhmətə verdiyi yüksək qiymətin nəticəsi hesab edir… Ulu öndər  onun əməyinə həmişə yüksək dəyər verərdi… Zəhmətkeşliyi, təcrübəsi, peşəkarlığı Heydər Əliyevin diqqətini cəlb etdiyi üçün  onunla   dostluq  münasibəti  saxlayırdı…

 

… Neçə illər keçməsinə baxmayaraq Ulu öndər tanıdığı neçə-neçə  dəyərli insanlar kimi Xoşbəxt müəllimi da unutmamışdı… … Onun Heydər Əliyevlə  tanışlığı 1969-cu ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən dövrdən başlanmışdı. 1970-ci ildə onu “Xəzərdənizneft” İstehsalat Birliyinin rəis müavini, baş geoloq vəzifəsinə də onu  Ulu öndər təyin etmişdi…  Heydər Əliyevin Xoşbəxt müəllim haqqında söylədiyi fikirlər Ulu öndərin onun əməyinə  verdiyi yüksək qiymətin nümunəsidir:

 

Azərbaycanda bizim çox hörmətli geoloqumuz  Yusifzadə kimi  Xəzər dənizini bilən ikinci adam yoxdur.  Onun verdiyi proqnoz  hamısından düz olacaq.

 

Çünki bu xaricilər  bir neçə ildir  burada işləyirlər. O isə  canını qoyub dənizdə. 50 ildir biz dənizdən neft çıxarırıq, 50 ildir  ki,  Yusifzadə  oradadır.  Ona görə onun dediyi hamısından düzdür. Və onun dediyi də olacaq. Mənim şübhəm yoxdur.

 

Heydər Əliyev   “Azəri”,   “Çıraq” , “Günəşli” və digər yataqların kəşfində və mənimsənilməsində gərgin əmək sərf etmiş bir alim kimi onun biliyinə, təcrübəsinə həmişə  inanırdı… Müstəqilliyimizin memarı olan Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı  möhtərəm Prezident İlham Əliyev neft sənayesinin inkişafı naminə həyata keçirdiyi layihələr qlobal səviyyəsinə və miqyasına görə  dünyanın enerji mənzərəsini müsbət istiqamətə dəyişən   həyati əhəmiyyətli  işlərdir… Xoşbəxt müəllim  bunların  canlı  şahidi və görülən işlərdə əməyi olan insanlardandı… O, bu gün də iş başındadır… O, bu gün də neft sənayesinin inkişafı, Ölkəmizin tərəqqisi  naminə  şərəfli əmək sərf edir, yorulmadan çalışır…

 

Mükafatlar

 

Xoşbəxt müəllimin aldığı mükafatlar, sinəsini bəzəyən orden və medallar zəhmətin ucaltdığı bir fədakar insanın qazandığı uğurların  nəticəsidir… Bu gün də əmək cəbhəsində fədakarlıqla çalışan Xoşbəxt  müəllim  öz alın təri ilə başı göylərə ucalan qollu-budaqlı bir  möhtəşəm ağac kimi  ucalmaqdadadır… O, demək olar ki, ən ali mükafatlara layiq görülüb. Xoşbəxt müəllimə bu il həm də Heydər Əliyev mükafatı təqdim edilib. Ulu öndərin adı ilə bağlı olan həmin mükafat, yəqin ki, onun ömrünün ən əziz mükafatıdır. Axı onun bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. 13 yanvar 2020-ci ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə, əna ali mükafatla: “Heydər Əliyev” ordeni ilə təltif edilib. Bir həqiqət var ki, bu mükafatların hər biri halal zəhmətin təntənəsinin təsdiqidir… O, dünyanın nüfuzlu Akademiyalarının üzvlüyünə seçilib. Dünya şöhrətli alimlərimizin sırasında Xoşbəxt müəllimin adı böyük ehtiramla çəkilir…

 

 

Canlı əfsanə

 

Azərbaycan neft tarixinin canlı əfsanəsi, Azərbaycan tarixinin 1930-cu ildən bu günə qədərki dövrü gözləri önündə keçən tarixlər şahidi, ensiklopedik  bilik sahibi, akademik, görkəmli elm xadimi, El ağsaqqalı  Xoşbəxt Yusifzadənin  mənalı həyatı, fəaliyyəti və böyük zəhmət bahasına əldə etdiyi uğurlar əsl həyat məktəbidir.  Xoşbəxt müəllimin ömrünün bütün maraqlı məqamları, onun alın təri ilə, halal zəhmətlə qazandığı  nailiyyətlər bir alim kimi  elmi faəliyyəti, elm cəbhəsindəki uğurları  elmlə istehsalatın vəhdətindən yaranan inkişaf  fəlsəfəsidir.

 

Xəzərin sahilində dayanıb yenicə  doğulan Günəşin şəfəqlərinə  boyanan  suların qəlbimlə səsləşən xəfif  pıçıltılarını  eşidirəm :

 

…Dəniz, dəniz, ay dəniz… ana  Xəzər… Xoşbəxt müəllimin sirdaşı, qardaşı  Xəzər… O qədər qaynayıb qarışdınız  ki, sənin üzünün naxışları onun alnının qırışlarına çevrildi… Bəlkə də bu, alın yazınızın eyniliyini göstərir…  Beləcə  90 ili arxada qoydunuz… Sən ona qəlbini açdın, sirrini danışdın… Sənin sayəndə xalqımız Azəri, Çıraq, Günəşli, Babək, Abşeron, Ümid, Şahdəniz  kimi  enerji mənbələrinə sahib oldu… Ürəyinin hərarəti ilə milyonlar qızınır indi… Necə də xoşbəxtsən Xəzər… Sən də Xoşbəxtsən, o da Xoşbəxt… Doğrudan da, Xoşbəxt olmaqdan yaxşı heç nə yoxdur bu dünyada… 

 

Eldar  İskəndərzadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

şair- dramaturq, kinosenariçi