Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə işgüzar səfər edib -FOTOLAR

  • By admin
  • 24 Dekabr 2021 13:22

Bu günlərdə  Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə işgüzar səfər edib.

Gununsesi.info xəbər veri ki, 22 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının nümayəndə heyətinin Həştərxan vilayətinə işgüzar səfəri başlayıb.

Heyətin tərkibinə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Təhsli nazirinin müavini Muxtar Məmmədov, İqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Dövlət Turizm Agentliyinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi şəxsləri daxildir.

Səfərin ilk günü, öncə nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına parkda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşdur. Daha sonra Həştərxan şəhərində yerləşən Qardaşlıq bağında olan “Əbədi Məşəl” abidəsi ziyarət edilmişdir.

Məlumat üçün qeyd edək ki, bu ilin dekabr ayının əvvəllərində Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi və yüksək vəzifəli hökümət üzvlərinin də daxil olduğu nümayəndə heyətinin Bakıya işgüzar səfəri baş tutmuş, Bakıda Həştərxan İş Mərkəzinin təntənəli açılışı həyata keçirilmişdir. O cümlədən nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Səfərin yekunları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara əsasən Həştərxan şəhərində səfərdə olan nümayəndə heyətinin üzvləri vilayətin aidiyyəti hökumət üzvləri ilə görüşlər keçirərək, 2022-ci il üçün Həştərxan vilayətinin və Azərbaycan hökumətləri arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramının icrasının müzakirələrini aparmışlar. Gündəliyə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, Azərbaycan şirkətlərinin potensial rezident kimi Xəzər klasterinə cəlb edilməsi, Həştərxan və Bakı arasında hava nəqliyyatının daha da inkişaf etdirilməsi, Həştərxan müəssisələrində Azərbaycandan gəmiqayırma sifarişlərinin yerinə yetirilməsi, Xəzər dənizində kruiz turizminin inkişafı, təhsil xidmətlərinin mübadiləsi, Həştərxandakı Azərbaycan İş Mərkəzi ilə Bakıdakı Həştərxan İş Mərkəzi arasında qarşılıqlı əlaqələr və s. daxildir. Nümayəndə heyətinin üzvləri Həştərxanda Logistika Mərkəzində və “Lotos” gəmiqayırma zavodunda olmuşlar. Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi nümayəndəsi ilə müəssisə rəhbərliyi arasında Azərbaycan gəmiqayırma və təmirinin qarşılıqlı koopersiya edilməsi və onun inkişaf etdirilməsi müzakirə edilmişdir. Qonaqlar artıq sınaq prosesinə buraxılmış “Böyük Pyotr” gəmisinin inşası prosesi ilə yaxından tanış olmuşlar. Bundan əlavə admiral F.M.Apraksin adına Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda Həştərxan ali məktəblərinin kadr hazırlığının təqdimatı keçirilmişdir. Görüşdə Təhsil nazirinin müavini Muxtar Məmmədov ilə ölkələrimiz arasında perspektiv qarşılıqlı əlaqələr geniş müzakirə edilmişdir. Bu əlaqələrin nümunəsi olaraq dekabrda Bakı şəhərində açılışı olmuş Həştərxan İş Mərkəzində Həştərxan Dövlət Universitetinin “Təhsil, Elm Və Texnologiya Mərkəzi”nin də yaradıldığı qeyd edilmiş, bu Mərkəzin artıq tədbirlər keçirdiyi bildirilmişdir. Muxtar Məmmədov həmçinin 150 azərbaycanlı kursantın hal-hazırda təhsil aldığı F.M.Apraksin adına Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda təhsil prosesi ilə yaxından tanış olmuşdur. O cümlədən Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi ilə Həştərxan Beynəlxalq Əlaqələr Agentliyinin rəhbərliyi arasında məhsuldar görüş  keçirilmişdir. Görüşdə qarşılıqlı tursizm əlaqələri üzrə geniş müzakirələr aparılmışdır.

23 dekabr 2021-ci il tarixdə isə Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin Azərbaycan dövləti tərəfindən yenidən qurulmasının və Ümummilli Liderin adının məktəbə verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Mərasimdə ilk öncə məktəbin foyesindəki Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur. Sonra Həştərxan hökümətinin sədr müavini Qloriya İnessa Valeryevna Azərbaycan nümayəndələrini salamlayaraq Azərbaycan və Həştərxan vilayəti arasında dostluq və qardaşlıq münasibətlərindən geniş məlumat verdi. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı  Abdin Fərzəliyev mərasim iştirakçılarını salamlayaraq keçirilən tədbirin ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin təzahürü olduğunu qeyd etmişdir. Təhsli nazirinin müavini Muxtar Məmmədov iştirakçıları Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin 10 illik yubileyi münasibətilə təbrik etmiş, ölkələrimiz arasında təhsil sahəsində mövcud əlaqələrdən bəhs etmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin 4 müəllimi “Tərəqqi” medalı ilə təltif edilmişdir. Tədbir zamanı medallar Abdin Fərzəliyev və Muxtar Məmmədov tərəfindən müəllimlərə təqdim edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır. Bundan əlavə, Heydər Əliyev Fondunun himayəsində olan adıçəkilən məktəbin təhsildə fərqlənən 10 nəfər əlaçı şagirdinə Fond tərəfindən mükafatlar, şagird və müəllimlərə xatirə hədiyyələri verilmişdir. Həmçinin məktəbin maddi-texniki bazasını yüksəltmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən  məktəbə 10 ədəd kompüter hədiyyə edilmişdir.

Səfər proqramı çərçivəsində nümayəndə heyətinin Həştərxan Vilayətinin Qubernatoru cənab İqor Babuşkin ilə rəsmi görüşü keçirilmişdir. Görüş zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyi, dövlət başçılarının bu inkişafa xüsusi önəm verdikləri qeyd edilmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqət və qayğı xüsusilə vurğulanaraq, Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən layihələr iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edən amillər kimi dəyərləndirilmiş və bu əlaqələrin gələcəkdə şaxələndirilməsi ilə bağlı niyyət ifadə edilmişdir. Görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əminliklə qeyd etmişdir ki, açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnən Azərbaycan-Rusiya arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da yüksək templə inkişaf edəcək və möhkəmlənəcək, xalqlarımız arasında əmin-amanlığın tərəqqisinə xidmət edəcək, həyata keçirilən genişmiqyaslı layihələrlə, ardıcıl tədbirlərlə ikitərəfli əlaqələrin inkişafı prosesinə dəyərli töhfələr verəcəkdir.

Gununsesi.info