Azərbaycan Ordusu sakitcə Xankəndinə daxil olacaq və…

  • By admin
  • 03 Noyabr 2022 09:33

Soçi görüşündən sonra bəlli oldu ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması üçün təşəbbüsü ələ almağa, Avropa və ABŞ-ın onu bu prosesdən kənarda saxlamaq niyyətinə rəğmən daha çox fəallıq göstərməyə çalışacaq. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, artıq bu yöndə ilkin addımların atılmasını müşahidə edirik.

Elə Soçi görüşündən cəmi bir gün sonra Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair 4 ssenarini təqdim etməsi də təsadüfi sayıla bilməz. Politoloqun fikrincə, nizamlanma ilə bağlı dörd prosesin baş vermə ehtimalı yüksəkdir. Sitat: “Əsas ssenari: Azərbaycan heç bir şərt olmadan Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının Ermənistan tərəfindən tanınmasını tələb edəcək. Əgər Ermənistan tanımasa, onda 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə başa çatacaq, onlar Qarabağı tərk edəcəklər. Azərbaycan Ordusu sakitcə Qarabağa (Xankəndi və ətraf bölgə nəzərdə tutulur – E.S.) daxil olacaq və Ermənistan ordusu zəifliyinə görə müqavimət belə göstərməyəcək”.

Markov ikinci ssenarini irəli sürür: “Azərbaycanın bu planını puça çıxarmaq üçün Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə, ya da Kremli Rusiyanın düşmənləri ilə – Fransa, Aİ və ABŞ-la əvəzləməyə çalışacaq. Üçüncü ssenari isə Paşinyanın bu planını puça çıxarmaq üçün Rusiya onun yerinə daha çox rusiyayönümlü siyasətçi gətirməyə çalışacaq. Dördüncü ssenari isə ondan ibarətdir ki, bu müddətdə Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda sülh sazişi üzrə danışıqlar aparılacaq, lakin bu danışıqların heç bir nəticəsi olmayacaq”, – Markov qeyd edib. Bəs Markovun bu proqnozları nədən xəbər verir? Bu ssenarilərdən hansı daha çox ehtimal edilir? Onun təqdim etdiyi “Əsas ssenari”nin reallaşması hansı halda mümkündür? Hələlik birinci və dördüncü ssenarilər real görünməkdədir: ya Azərbaycan Ordusu sakitcə dağlıq bölgəyə daxil olub bütün Qarabağa nəzarəti bərpa edəcək, rus qoşunları gedəcək, ya da sülh danışıqları acı bağırsaq kimi uzanacaq. Bəs analitiklər necə düşünürlər? Markovun fikirlərini bölüşürlərmi?Zaur Məmmədov:

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, Soçi görüşü ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasının mümkün olmadığını göstərdi: “Bir həftə əvvəl bununla bağlı yazmışdım. Soçi görüşü Qarabağ mövzusunun Azərbaycan-Rusiya dialoqu, Türkiyə-Rusiya dialoqu ilə müzakirə ediləcəyini göstərir. Soçi görüşü Paşinyanın heç bir təklifinin nəzərə alınmadığını göstərdi. Bu arada, Paşinyanın əsl rəqibi Ruben Vardanyan açıqlama verərək, bəyanatın separatçıların maraqlarına cavab vermədiyini qeyd edib. Məncə, Nikol Vardanyanı bələkdən çıxmağa qoymamalıdır. Bundan əlavə, Soçi görüşündə Nikol Paşinyan ciddi şəkildə mübahisə edib. Paşinyan yekun bəyanata Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də bəyanatda əksini tapmasına çalışıb. Sərt reaksiyanı görən Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin onun bu cəhdi də nəticə verməyib”.

Asif Nərimanlı: "Avropanı

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Soçi görüşündə əsas məqamlardan biri də Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi idi: “Moskva bunu istəyirdi, İrəvan gündəmə gətirdi, Bakı qarşısını aldı. Putinin mətbuat konfransında dediklərindən çıxan nəticələr sülhməramlılar mövzusuna da aydınlıq gətirir. Birincisi, sülhməramlılar mövzusunda 10 noyabr razılaşmasına istinad qalır və bu o deməkdir ki, 2025-ci ildə Azərbaycan istəməsə, rus kontingenti Qarabağdan çıxacaq. İkincisi, Paşinyan sülhməramlıların qalma müddətinin uzadılmasını gündəmə gətirsə də, Əliyev buna imkan verməyib və Putin Bakının mövqeyi ilə razılaşıb. Üçüncüsü, delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili işimizə çevriləcək və kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycan mövzusu olacaq”.

Oxu.az - Ramiyə Məmmədova:

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Azərbaycan üçün məqbul olan təbii ki, birinci variantdır: “Amma bu versiyanı indi Rusiya, Fransa və Ermənistan qəbul edə bilmirlər. Xankəndi mitinqi, Valday klubunda Putinin mesajı da ondan ibarət idi ki, əgər ermənilər bütün Qarabağa Azərbaycanın nəzarətini istəyirsə, onda gedib sülh sazişi bağlasınlar. Rusiya lideri üçtərəfli görüşdə həm də eyham vurdu ki, tərəflər sülhə hazır deyil, yəni sülhməramlı qüvvə bölgədə qalmalıdır. Ona görə bizim üçün uyğun olan birinci variantın reallaşması zaman alacaq. Nəticədə biz dördüncü ssenariyə – yəni prosesin uzanmasına şahid olacağıq”.

Gununsesi.info