Azərbaycan Ordusu Xankəndinə bu tarixdə girəcək

  • By admin
  • 06 Oktyabr 2022 10:07

Ermənistan Bakının sülh üçün “yol xəritəsi”ni qəbul etməsə…; Qarabağda gözü qalan İrəvan Zəngəzuru da itirəcək; bu gün Praqada Ərdoğan Paşinyana “bəzi mətləbləri” başa salacaq, son xəbərdarlığını edəcək…

Azərbaycan dövlətinin nəzarətindən müvəqqəti kənarda qalan Qarabağ anklavında separatçı tör-töküntülərin dövlətcik-dövlətcik oyunları davam edir. Özünü “prezident” adlandıran quldurbaşı Araik Arutyunyanın iki gün öncə “artsaxın siyasi qüvvələri” ilə birgə keçirdiyi və “geosiyasi vəziyyətin müzakirəsi”nə həsr olunan toplantının “yekun sənədi” buna şəkk-şübhə saxlamadı. Bir daha məlum oldu ki, “şeytan yuvası”ndakı kriminal elementlər əsəblərimizlə oynamaqdan əl çəkmək niyyətində deyillər və Bakının sonuncu və həlledici “dəmir qapazı”nı yeməyincə anklavda dövlətimiz əleyhinə oyunlar bitən deyil.

Xatırladaq ki, üzdəniraq sənəddə növbəti dəfə mifik “artsax xalqı”ndan və onun öz müqəddəratını təyinetmə “haqqı”ndan, Azərbaycanla “bərabərhüquqlu tərəfdaş kimi” danışmaq iddiasından dəm vurulub, “artsax”ın heç vaxt Azərbaycanın tərkibində olmayacağı bəyan edilib. Bunun ardınca Araikin erməni milyarder oliqarx Ruben Vardanyanı qondarma qurumun “dövlət naziri” təyin eləməsi bir ovuc silahlı cinayətkarın hələ də hansısa xarici gücə ümidlə “bəlkə qaytardılar” xülyası ilə yaşadığına şübhə yeri saxlamır.

Ancaq qaytarılası nəsə qalıbsa, o da əlbəttə ki, keçmiş DQMV-nin sonuncu hissəsinin də Azərbaycanın tam suverenliyinə keçməsi ola bilər. O gün uzaqda deyil. Bunu həm də regiondakı və dünyadakı yeni geosiyasi şərtlər diktə edir. Əfsus ki, nə separatçı ünsürlər, nə də Ermənistan hökuməti təzə status-kvonu israrla qəbul eləmək istəmirlər. Demək, qarşılığına da hazır olmalıdırlar.

*****

“Problem ondadır ki, Ermənistan 30 il əvvəl zəbt etdiyi Azərbaycan ərazilərinin əksəriyyətini İkinci Qarabağ müharibəsi nəticəsində artıq itirib. Aydındır ki, Azərbaycanın daha güclü ordusu yaxın vaxtlarda Qarabağın qalan ərazisini də geri qaytaracaq. Çox güman ki, bu, 2020-ci ilin noyabrında imzalanmış hazırkı üçtərəfli bəyannamənin müddəti başa çatandan, yəni 3 il sonra baş verəcək. Ancaq bunun daha tez baş verməsi də mümkündür. Nə olur-olsun, həmin tarix yaxınlaşır”.

“Yeni Musavat”ın məlumatına görə, bu sözləri Caliber.az-a tanınmış rusiyalı politoloq Sergey Markov deyib.

Onun əminliyinə görə, ordusu xeyli zəifləmiş Ermənistan Azərbaycanla döyüşə bilməyəcək, sarsıdıcı məğlubiyyətə uğrayacaq və hətta Ermənistan bu dəfə öz ərazisindən də itirə bilər.

“Söhbət xüsusilə də Zəngəzurdan gedir – hansı ki, təkcə Naxçıvanı materik Azərbaycanla deyil, ümumiyyətlə, Azərbaycanı Türkiyə ilə birləşdirdiyi üçün strateji əhəmiyyət kəsb edir. Lakin Zəngəzur Ermənistanı İranla da birləşidirir və logistik blokadada olduğu üçün bu ölkə üçün ən vacib çıxışlardan biridir”, – deyə o qeyd edib.

Analitik hesab edir ki, mövcud şəraitdə Ermənistanın strateji xətti belədir ki, onun maraqlarını başqası, daha böyük dövlətlər müdafiə eləsin, çünki o, öz maraqlarını təkbaşına qoruya bilməz: “Əvvəllər İrəvan Moskvaya ümid edirdi. Lakin Rusiya Azərbaycana qarşı Ermənistanın maraqları naminə müharibə aparmaqdan imtina edir. Moskva bu məsələdə neytral mövqe tutmağa üstünlük verir və hətta daha çox Azərbaycana meyllidir. Hələ onu demirəm ki, əslində KTMT üzvlərinin əksəriyyəti Bakının tərəfindədir. Nəinki əhalisi müsəlman olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, xristian-pravoslav Belarus belə. Qarabağ məsələsində Minsk Bakını dəstəkləyir”.

Politoloqa görə, Ermənistan öz hərbçiləri əvəzinə rus əsgərlərini döyüşə göndərə bilmədiyi hazırkı şəraitdə Fransa və Amerikanın hərbçilərini cəlb etmək qərarına gəlib: “Paşinyanın bu strategiyasını Fransa və ABŞ-dakı nüfuzlu erməni icmalarının olması faktı gücləndirir. Bu gün ABŞ-ın, ən çox da Fransanın mövqeyi dünyanın ən ermənipərəst mövqeləridir. Qarabağla bağlı ATƏT-in Minsk Qrupu məsələsində də ABŞ və Fransa amili rol oynayır – baxmayaraq ki, hazırda bu qrup öz uğursuz fəaliyyətinə görə faktiki mövcud deyil, amma formal olaraq buraxılmayıb, Vaşinqton və Paris Minsk Qrupunun işini bərpa etməyə çalışır”.

Ekspertin qənaətincə, bununla belə, İrəvanın Moskvaya qarşı siyasi tələbi dəyişməz qalır: “Ya əsgərlərinizi erməni maraqları uğrunda döyüşə göndərin, ya da biz KTMT-dən çıxacağıq. Aydındır ki, belə bir durumda Rusiya ictimai rəyi Qarabağın yerdə qalan ərazisini də qaytarmaq və Zəngəzur dəhlizini açmaq kimi ədalətli niyyətində Azərbaycanı dəstəkləməyə köklənmiş olacaq”.

*****

Lakin Paşinyan rejimi unudur ki, artıq onun hamını şantaj eləmək lüksü qalmayıb. Çünki İrəvan daha nə regional proseslərdə, nə də sülh danışıqları masası arxasında və böyük layihələrdə söz sahibi deyil. Diktə edən yox, icra edən tərəfdir. Odur ki, qalib koalisiyanın – Azərbaycan-Türkiyə tandeminin “yol xəritəsi”ni qəbul eləməkdən başqa çarəsi yoxdur. Bu, həm də erməni xalqının yeganə qurtuluş şansıdır.

Türkiyə Prezidenti Rəcəb Ərdoğan bu gün – oktyabrın 6-da Nikol Paşinyanla Praqada ilk təkbətək görüşündə bu xüsusda ona bir daha bəzi həqiqətləri “anladacaq”, Bakı və Ankara adına son xəbərdarlığını edəcək. Nəticə çıxarmaq isə rəsmi İrəvanın boynuna.

Əlavə edək ki, məhz Praqa görüşü ərəfəsində Türkiyə və İsrail müdafiə nazirlərinin Bakıya səfər eləməsi də Nikola müəyyən mətləbləri anlatmalıdır…

Gununsesi.info