
Azərbaycanla Pakistan arasında hərbi sahədə uğurlu əməkdaşlıq mövcuddur.
Gununsesi.info xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bu gün Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, Pakistanın güclü hərbi sənayəsi var: “Bu sahədə Azərbaycan əməkdaşlığımızın ən vacib hissələrindən biridir. Bu yaxınlarda Azərbaycan Pakistandan hərbi təlim təyyarələri aldı. Biz daha çox treninqlər təşkil etməyə, münasibətləri daha irəli aparmağa çalışacağıq”.
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini dilə gətirən diplomat deyib ki, gələcəkdə də “JF Thunder” təyyarələrinin alınması ilə bağlı danışıqların aparılması mümkündür.
İki ölkə arasında digər sahələrdəki əməkdaşlığın səviyyəsinə toxunan səfir qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Baş nazirin ötən ilin oktyabrında Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yüksəliş var. Prezident İlham Əliyev bu il ECO sammiti çərçivəsində Pakistana səfər etdi. Bu səfər çərçivəsində məhsuldar görüşlər keçirildi, ticarət dövriyyəsinin artırılması, iqtisadi və hərbi əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Müzakirələr zamanı qeyd olundu ki, ticarət dövriyyəsi potensialdan çox aşağıdır və 3 ildə 10 dəfə artırılmalıdır. 19-21 iyunda Pakistanın fövqəladə hallar naziri Azərbaycanda səfərdə oldu. Səfər zamanı tərəflər əməkdaşlığı gücləndirmək, treninqlərin keçirilməsinə üstünlük vermək barədə razılıq əldə etdilər”.
Səfir qeyd edib ki, Azərbaycan noyabrın 9-12-də Karaçi “Expo Center”də keçiriləcək “Expo Pakistan” sərgisinə dəvət olunub. O bildirib ki, bu sərgi ənənəvi olaraq hər il keçirilir və 60-dan çox ölkə iştirak edir.
Bu yaxınlarda Pakistanda hakimiyyətdən uzaqlaşdırılan baş nazir Nəvaz Şəriflə bağlı məsələyə aydınlıq gətirən pakistanlı diplomat deyib ki, baş nazirin hakimiyyətdən getməsi ilə Pakistanın qonşu ölkələr və digər dövlətlərlə münasibətlərində dəyişiklik olmayacaq.
O bildirib ki, baş nazir Nəvaz Şərifin Ali Məhkəmənin qərarı ilə hakimiyyətdən kənarlaşdırılması ölkədə böhrana səbəb olmadı: “Baş nazirin partiyası yenə parlamentdədir. Pakistanda baş verən siyasi dəyişiklik qonşularla, super güclərlə münasibətlərimizi yaxşı səviyyədə saxlayacaq, biz terrorla mübarizə aparmağa davam edəcəyik”.
Mürtəza
Gununsesi.info