Azərbaycan Pakistanı çətin gündə tək qoymadı

Son günlər Pakistanda müşahidə olunan güclü yağışlar böyük faciəyə səbəb olub. Ölkədə daşqınlar nəticəsində 1000-ə yaxın insan həyatını itirib, 1456 nəfər isə yaralanıb. Bundan əlavə, 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib. Çadır düşərgələrinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib. Ümumilikdə daşqınlardan zərər çəkənlərin sayı 30 milyona çatıb. Bununla da ölkədə fövqəladə vəziyyət elan edilib.

Pakistanın fəlakətlə mübarizə tədbirlərinə Azərbaycan dərhal reaksiya verərək, qardaş ölkəyə yardım əlini uzadıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

HTML tutorial

Dövlət başçısı bununla bir daha nümayiş etdirib ki, qardaş Pakistan tək deyil, Azərbaycan hökuməti və xalqı daim onun yanındadır.

Bakının çətin gündə Pakistanın yardımına yetişməsinə İslamabad təşəkkür mesajı ilə cavab verib. Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari yardıma görə Azərbaycana təşəkkürlərini çatdırıb.

“Pakistanda daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edirik”,- nazirin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

Pakistanlı siyasi ekspert, Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli Modern.az-a açıqlamasında ölkəsinin Azərbaycana minnətdar olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Pakistana münasibətdə əsl qardaşlıq nümayiş etdirir.

“Qardaş Azərbaycan hökuməti çətin gündə bizi tək qoymadı. Hadisə başlayan vaxtdan Azərbaycan xalqı bizə dəstək göstərir. Biz Azərbaycanın göstərdiyi dəstəyə, qayğıya görə təşəkkür edirik. Həm siyasətdə, həm də dar günlərdə qardaş ölkə olduğumuzu bir daha bütün dünya görür. Zərərçəkmiş şəxslər də göstərilən yardıma görə təşəkkür edirlər. Azərbaycan və Pakistan dost, həm də qardaş ölkədir”, – deyə ekspert vurğulayıb.

Gununsesi.info