Azərbaycan Pakistanla saziş imzalayacaq

  • By admin
  • 04 Fevral 2017 17:17

14862120815860422473_1000x669

 

Pakistanın Xarici İşlər Nazirliyi enerji ehtiyatları ilə zəngin olan Azərbaycanla neft, neft məhsulları və maye qaz idxalı üzrə sazişin imzalanmasına razılıq verib.

Gununsesi.info AzərTac-a istinadən xəbər verir ki, Pakistan bununla Yaxın Şərq ölkələrindən ifrat enerji asılılığını azaltmağı hədəfləyir. Ölkə Mərkəzi Asiya dövlətlərindən neft və qaz idxalına başlamağa hazırdır.

Pakistanın Neft və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndəsi deyib ki, Azərbaycan Pakistana xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etməyi təklif edib. SOCAR və Pakistan şirkəti birgə maye qaz və mayeləşdirilmiş neft qazı (LPG) terminalının tikilməsində maraqlıdırlar. Həmçinin SOCAR-la neft-qaz anbarları üzrə birgə müəssisənin yaradılması nəzərdən keçirilib.

2016-cı il aprelin 26-27-də İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclasında hər iki tərəf neft və neft məhsullarının axtarışı, hasilatı, o cümlədən enerji sektorunda sərmayə imkanlarının təşviq edilməsi, xam neft və neft məhsullarının tədarükü üzrə əməkdaşlığı genişləndirmək, LNG və LPG terminalının qurulması üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ölkənin Neft Nazirliyinə Azərbaycanın, o cümlədən də müxtəlif ölkələrin enerji şirkətləri ilə danışıqlar aparmağı tapşırıb. Pakistan və Azərbaycan müvafiq olaraq siyasi və hüquqi cəhətdən də hökumətlərarası saziş layihəsi barədə razılığa gəliblər.

Həmçinin Pakistan və Azərbaycan arasında neft və qaz hasilatı üzrə sınaqlarının keçirilməsi üçün laboratoriyanın yaradılması və birgə araşdırmalar aparılması barədə razılığa gəlinib.

 

Gununsesi.info