Azərbaycanda ciddi-kompleks islahatlara start verildiyindən, kadr islahatları da qaçılmazdır və bunu bir daha Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da dilə gətirib.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda “Strateji Yol Xəritəsi” təsdiq olunub və bu proqramın həyata keçirilməsinə, eyni zamanda, kənd təsərrüfatı sahəsində həm istehsalın, həm də emal sənayesinin inkişaf etdirilməsi üçün ciddi kadr potensialına ehtiyac var:
“Ona görə də dövlət başçısının məmurlara xəbərdarlığı yerində olan xəbərdarlıqdır”.
Millət vəkili dövlət başçısının konfransda bir daha vəziyyətin dəyişdiyini dilə gətirərək, 2017-ci ilin islahatlar ili və bu islahatların uğurla həyata keçirilməsi üçün məmur-xalq münasibətlərinə həssaslıqla yanaşma tələb olunduğunu bildirib:
“Məmurlar xalqa xidmət etməlidir. Dövlət başçısı onsuz da bu yaxınlarda Azərbaycanda vitse-prezidentlik institutnun yaradılmasına keçidlə bağlı ciddi islahatlara başlayacaq. Vitse-prezidentlik institutuna keçidlə bu kadr problemləri də aradan qalxmış olacaq. Bu da Azərbaycan üçün çox əhəmiyyətli məsələdir”.
Millət vəkili onu da əlavə edib ki, ölkə başçısı bu konfransda hər bir struktura və icra başçısına müəyyən məsələlərin icrası ilə bağlı konkret tapşırıqlar verib:
“Bununla da ölkə başçısı tapşırıq verilən məsələlərə ciddi nəzarət olunacağının mesajını vermiş oldu. Yəni, verilən tapşırıqalr vaxtında icra olunmalıdır. Əks təqdirdə, onlar barəsində ciddi ölçü götürüləcək. Bunlar ciddi və önəmli mesajlar idi. Onsuz da ölkə başçısı mütəmadi olaraq yerində olmayan kadrlar barəsində ciddi ölçü götürürdü. Odur ki, hər dəfə olduğu kimi, bu dəfə də məmurlara vətəndaşlarla normal münasibət qurmağı, öz vəzifəsini icra etməyi bir daha xatırlatdı. Bununla da ölkə başçısı bundan sonra kadr məsələsini ciddi nəzarətdə saxlayacağı mesajını onların diqqətinə çatdırmış oldu”.
Mürtəza
Gununsesi.info