Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

  • By Mina
  • 11 Aprel 2024 09:27

“Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə dövlətə 4 milyard tengedən (8,9 milyon dollar) çox ziyan dəyib.

Cinayətləri törətdikdən sonra həmin şəxs istintaqdan qaçıb və beynəlxalq axtarışa verilib. Sonralar o, Azərbaycan ərazisində aşkar edilib.

Şübhəli Aktau şəhərinin istintaq təcridxanasına aparılıb. Onu cinayəti törətməyə görə əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.

Qazaxıstan Baş Prokurorluğu onu da qeyd edib ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin məhkəməsi eyni mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirak edən 12 nəfəri müxtəlif növ cəzalara məhkum edib.

Gununsesi.info