“Azərbaycan Qazaxıstanla bağlı baş verən hadisədən dərs çıxarmalıdır” - NATİQ CƏFƏRLİ

  • By admin
  • 22 Dekabr 2017 15:08

“Bank of New York Mellon” Qazaxıstan Milli Fondunun ABŞ-dakı 22 milyard dollarlıq hesabını dondurması bir sıra ölkələrə də president ola bilər. Belə ki, Scom Group S.A. və Terra Raf Trans Traiding Ltd. Beynəlxalq arbitraj məhkəməsinə müraciət etməli olub. Bunun səbəbi isə Qazaxıstan hökumətinin onların investisiyalarını daha ucuz alınması ilə bağlı təzyiqlər etməsi olub. Moldova şirkətlərinin rəhbəri bununla onlara 500 milyon dollar ziyan dəydiyini iddia edirlər. Aralarında gedən məhkəmə çəkişmələri nəticəsində Bank of New York Mellon məhkəmə prosesi yekunlaşana qədər Qazaxıstan Milli Fondunun 22 milyard dollarlıq aktivini dondurma qərarını verib. Bu da ümumi aktvlərin 40 faizinə bərabərdir.

Nəzərə alsaq ki, Azərbaycanda fəaliyyət göstərən bəzi yerli və xarici iş adamlarına müəyyən əngəllər yaradılır, o zaman bu hadisə presidentlik yarada bilər. Bu halda Azərbaycan Dövlət Neft Fondunun aktivlərinə qarşı risklər yaranır.

İqtisadi-ekspert Natiq Cəfərli Gununsesi.info-ya açıqlamasında bildirdi ki, Moldova və Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına üzv ölkələrdir: “Beynəlxalq hüquq qaydalarına görə, istənilən hüquqi və fiziki şəxs hüquq pozuntusu görərsə, məhkəmələrə müraciət edə bilər. Azərbaycan, hələlik Ümumdünya Ticarət Təşkilatına üzv olmayıb. Azərbaycanda biznes çox zaman yazılmamış qaydalarla işləyir, yazılmış qaydalar isə çox zaman kənarda qalır.

Bizim ölkəmizlə bağlı Beynəlxalq Bank təcrübəsi var. Bu bankın xarici kreditorları məhkəməyə müraciət etmişdi. Azərbaycan hökuməti konflikt etmədi və danışıqlara getdi, borcların ödənilməsi ilə bağlı öhdəlik götürdü”.

N.Cəfərli hesab edir ki, Azərbaycan Qazaxıstanla bağlı baş verən hadisədən dərs çıxarmalıdır: “Müqavilə bağlanarkən hüquqi və fiziki şəxslərin əleyhinə addımlar atmamalıdır ki, ölkəmiz beynəlxalq məhkəmələrin araşdırma predmeti olmasın. Belə bir məsələ 90-cı illərin sonu baş vermişdi. Azərbaycan Türkiyə bankından 200 milyon dollar kredit götürmüşdü və onun ödəmə vaxtı keçmişdi. Bank Azərbaycanı məhkəməyə vermişdi. Nəticə dövlət hesabları, hətta təyyarələrinə qədər həbs qoyulmuşdu. Sonra danışıqlar nəticəsində məsələ çözüldü. Biznes ədalətli və şəffaf şəkildə qurulmalıdır ki, gələcəkdə belə hüquq çəkişmələrinin subyekti olmayasan”.

İqtisadçi düşünür ki, belə hadisələr ölkənin imicinə böyük ziyan vurur: ”Qazaxıstan son illər imici üçün böyük işlər görür. ÜTT-na da bu səbəbdən qoşuldu, bununla ölkəsinə investisiyalar cəlb etməyə çalışdı. Bu baxımdan Qazaxıstan danışıqlara gedərək, məsələnin böyüməsinə imkan verməyəcək”.

Vüsalə Rüstəmova

Gununsesi.info