Azərbaycan müxalifəti ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə ABŞ-Rusiya qarşıdurmasının təsir etdiyi iddasını irəli sürürək, əsas səbəb kimi bunu göstərir. Müxalifətin bu iddiası ilə bağlı millət vəkili Zahid Oruca müraciət etdik.
Kreml xarici dövlətlərin daxili həyatına müdaxilə edərək, onların gələcəyinə yönəlik proseslərə təsir edə bilir.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Kremlin təsir dairəsindən çıxmağa çalışan dövlətlər öz saatlarının əqrəblərini Qərb dövlətlərinə doğru qurmağa çalışırdılar: “Elə ona görə də o dövrün siyasiləri qollarına Qərbə istiqamətlənmiş saatlar vurmağı sevirdilər. Əbülfəz Elçibəy də zamanında hakimiyyətinin yıxılmasında Rusiyanı günahlandırırdı. Onu demək lazımdır ki, Kreml dünən olduğu kimi bu gün də regional siyasi proseslərdə öz dominant mövqeyini qoruyub saxlamaqdadır. Hətta bir sıra dövlətlərin daxili həyatına müdaxilə edərək, onun gələcəyinə yönəlik proseslərinə təsir edə bilir. ABŞ-da keçirilən son prezident seçkilərin xeyli müddət keçməsinə baxmayaraq, Vaşinqton indi də Putinin kölgəsini qılınclamaqda davam edirsə deməli, oratada nəsə var. Azərbaycan da ABŞ-la Rusiya arasındakı məlum toqquşmaları görür və özünü bu toqquşmadan kənarda saxlamağa çalışır. Azərbaycan baş verən proseslərə uyğun olaraq adekvat siyasət yürüdür”.
Z.Orucun fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin məharəti ondan ibarətdir ki, ölkəmiz bu savaşda yer almır: “Əksinə Bakı çox uğurlu şəkildə qlobal təhlükəsizliyin təmin olunmasında və formalaşmasında, Rusiya-ABŞ münasibətlərinin normallaşması üçün özünü barış meydanı kimi təqdim edir”.
Qərb Azərbaycanda baş verənləri yaxşı anlayır
Z.Oruc bildirib ki, bu baş verənlərin fonunda “Azərbaycandakı seçkilərin vaxtını Moskva dəyişdirib” və yaxud “Kreml başqa ölkələrə dövlət başçısı təyin edir” kimi keçmişdən gələn leksikondan istifadə etməyi yanlış hesab edir: “Amma o doğrudur ki, Rusiya, Fransa, ABŞ, İran, Türkiyə və Avropa Birliyi ölkələrinin hər biri Azərbaycanın gələcək həyatı ilə sıx maraqlanırlar. Çünki bu ölkələrin hər birinin burada siyasi, hərbi təhlükəsizlik, transmilli iqtisadi maraqları mövcuddur. O baxımdan Azərbaycanda baş verən proseslər onları maraqlandırır ki, maraqlarını bölgədə kim təmin edə bilər və bu balansı qoruya bilər. Belə olan təqdirdə adını çəkdiyim mərkəzlər Azərbaycanda başqa bir qüvvənin, müxalifətin deyilən maraqları təmin etmək iqtidarında olmadığını görür və onların hakimiyyətə gələcəyi təqdirdə formalaşmış düzəni pozacağını görürlər. Bu qüvvələr Rusiya və Qərb əleyhinə böyük cərəyanlar aça bilər ki, bu təkcə bölgənin və Azərbaycanın ziyanına deyil, elə beynəlxalq mərkəzlərin də ziyanına ola bilər. Daxildə yenidən düşmənçilik meyllərini qızışdırıla bilər. Odur ki, Qərbdə Azərbaycanda 11 aprel seçkilərinə mötədil mövqe sərgiləyirlər. Onlar da qəbul edilən qərarın düzgün olduğunu anlayırlar”.
Bakı seçkinin vaxtını irəli çəkməklə anti-Azərbaycan qüvvələrin ssenarilərini pozdu
Z.Oruc hesab edir ki, Azərbaycanda seçkilər Rusiya və Ermənistandakı seçkilərdən sonra oktyabrda keçirilsəydi, o zaman diqqət Bakıya yönələcəkdi: “O zaman qarşıdakı 6 ay müddətində anti-Azərbaycan qüvvələr ölkəmiz əleyhinə müxtəlif təxribat xarakterli proseslərin yol açmasına çalışardılar. Burada digər əsas məqam ondan ibarətdir ki, ABŞ-Rusiya arasındakı gərginlik Qafqaza daşındıqca, bunun Bakı arealından yan keçməyəcəyinə zəmanət verə bilməz”.
O deyib ki, beynəlxalq aləmdə baş verənlər fonunda ölkədəki siyasi proseslərin buna uyğunlaşdırılması nəinki normaldır, hətta vacibdir: “Və bu arzuolunandır. Əgər hadisələrin səni idarə etməsini və ya ağuşuna almasını istəmirsənsə, bunu etməlisən”.
Prezident ona qarşı olan qüvvələri yaxşı tanıyır
Z.Oruc onu da bildirib ki, İlham Əliyev ölkə daxilində müxalifətin və yaxud hakimiyyət daxilindəki hər hansı X qüvvənin bir ovuc elektoratına görə öz qrafikini, siyasi planlarını dəyişməməlidir: “Bu gün İlham Əliyev ölkə daxilidnə deyil, Qarabağ məsələsində təmərküzləşmiş xarici qüvvələr, Azərbaycanın xarici siaysət kursunu dəyişməyə çalışaraq, ölkəni hədəf seçənlərdir. Odur ki, İlham Əliyev qlobal səviyyədə ona qarşı hərəkət edən qüvvələri yaxşı bilir, tanıyır. Bununla da seçkinin vaxtını dəyişdirməklə həmin qüvvələrin Azərbaycana qarşı planlaşdırdığı ssenarilərini pozmuş oldu”.
Dövləti təkcə demokratik ideya və atributlarla təhlükələrdən qorumaq olmur
Deputat qeyd edib ki, aprel ayı yaşı 40-ı keçən insanlarda 28 aprel inqilabı və Azərbaycanın işğalı kimi assosasiya olunur: “Biz 11 aprel seçkiləri ilə apreli dövlətçiliyin qorunması kimi tarixə yazmalıyıq və 28 aprel kimi mənfi tarixdən xilas olmalıyıq. Axı, bir də dövləti təkcə demokratiya atributları ilə xilas etmək olmur. Bunun acısını xalqımız 100 il bundan öncə AXC dövründə yaşayıb. Rəsulzadə və çevrəsindəki mütəfəkkirlər bu yolla dövləti qoruya bilmədilər. Yaxın tariximizdə Elçibəy bu dəyərlərə söykənərək hakimiyyəti qoruyardı. Bu olmadı. Odur ki, məsələ idellarda deyil, əsas məsələ dövləti qorumaq üçün beynəlxalq aləmdə baş verənləri izləyib, ona uyğun adekvat addım atmaqdadır”.
Seçkidən sonra Qarabağla bağlı ciddi qərarların qəbul ediləcəyi ehtimalı böyükdür
Seçkilərdən sonra Qarabağla bağlı hər hansı ciddi qərarların qəbul edilməsi ilə bağlı səslənən fikirlərə gəldikdə Z.Oruc bildirib ki, bu ehtimal böyükdür: “Çünki Qarabağdakı mövcud status-kvo hazırkı dünyanın mənafeyinə uyğun deyil və bu 90-cı illərdə yaranmış vəziyyət mütləq dəyişməlidir. İndiki şəraitdə Qafqazda ən əzif ölkənin belə işğalçı mövqedə qərarlaşması heç Rusiyanın da maraqlarına cavab vermir. Fikrimcə, bir çoxlarının da hesab etdiyi kimi Putinlə İlham Əliyev arasındakı razılaşmanın nəticəsi olaraq Qarabağın işğal xəritəsi dəyişdiriləcək, bu ola bilər. Və bu ehtimal daha böyükdür. İşğal altında olan torpaqların bir qismi işğaldan azad olunmaqla münaqişənin həlli ölü nöqtədən tərpənə bilər”.
Qarabağla bağlı Bakı ilə Moskva arasında razılaşma istisna deyil
Onun sözlərinə görə, Moskva ilə Bakı arasında Qarabağ məsələsində razılaşma nöqtəsi tapılacaqsa, bu, ATƏT Minsk qrupunun üzərindən xətt çəkmək deməkdir: “Belə bir addım ATƏT MQ-nin fitvasının verilməsi deməkdir. Bununla da Qərbin avtomatik olaraq bölgədə çəkisinin azalmasına xidmət edəcək. Hesab edirəm ki, Vaşinqton bundan xəbərdardır və nə baş verdiyinin fərqindədirlər. Onlar da bilirlər ki, apreldən sonra Qarabağ məsələsində hərbi və ya siyasi yolla ciddi dəyişikliklər yaranacaq. Buna şübhə etməməliyik”.
Mürtəza
Gununsesi.info