Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər.
Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətinin pandemiya dövrünün bitdiyini elan etməsindən sonra verilib.
Bu məlumatı Dövlət Sərhəd Xidmətindəki mənbəmiz də təsdiq edib.
Bildirilir ki, bu, dövlətlərin müvafiq qurumları ilə əldə olunan razılaşma ilə bağlıdır.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus infeksiyası təhlükəsinə görə Azərbaycanın quru sərhədlərinin bağlanması qərarının müddəti növbəti dəfə iyul ayına qədər uzadılıb.
Baş nazir parlamentdə deputatların suallarına cavab verərəkən “qərar mənim tərəfimdən verilib” desə də onun gerçək səbəblərini açıqlamaqdan imtina edib.
Onu da xatırladaq ki, qüvvədə olan qadağaya görə Azərbaycan vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar ölkə ərazisinə yalnız təyyarə vasitəsi ilə gələ və ya gedə bilərlər.
Ölkədə təyyarə biletlərinin əlçatmaz olması isə vətəndaşları çıxılmaz duruma salıb.
Elmar
Gununsesi.info