Azərbaycan quş əti istehsalçıları üçün çətin sınaq – Dövlətimizdən dəstək gözləyirik

  • By admin
  • 25 Mart 2022 13:17

Qlobal ərzaq bazarında gedən bahalaşma, həmçinin Ukraynada başlayan müharibənin bu prosesə artırıcı təsiri dünya ölkələrinin ərzaq təhlükəsizliyi məsələsinə diqqətini qat-qat artırıb. Azərbaycan hökuməti də hər iki faktorun ölkənin ərzaq təhlükəsizliyinə yaradacağı təhdidləri nəzərə alaraq strateji ərzaq məhsullarının tədarükünü təmin etməyə çalışır. Açıqlanan rəsmi məlumatlardan aydın olur ki, bu sahədə ciddi irəliləyişlər var, Azərbaycan əhalisinin zəruri ərzaq məhsulları ilə təchizatında ciddi problemlərin olacağı ehtimalı aşağıdır.

Məlumdur ki, Azərbaycanda əhalinin qida rasionunda mühüm yer tutan məhsullardan biri də quş ətidir. Ölkənin ərzaq balansından aydın olur ki, illik 145-148 min ton civarında quş əti istehlak edilir. Müsbət haldır ki, Azərbaycanın yerli istehsalçılarının bu həcmdə istehsalı təmin etmək potensialı mövcuddur. Ölkənin ərzaq təhlükəsizliyi baxımından bu potensialın qorunması mühüm əhəmiyyət kəsb edir.

Quşçuluk sektoru da, heyvandarlığın digər sahələri kimi, yem təchizatında böyük ölçüdə idxaldan asılıdır. Azərbaycanın qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox məruz qalan ölkələrdən biri olması, eyni zamanda əkinəyararlı torpaq sahələrinin məhdudluğu üzündən quşçuluq sahəsi üçün zəruri olan yem və yem qatqılarının daxili tələbatı ödəyəcək qədər istehsalını təmin etmək mümkün deyil.

Qeyd edim ki, Azərbaycan quşçuluq sektorunda ətçilik üzrə illik soya şrotu(sıxılmış cecə) istehlakı 100 min tona yaxın, qarğıdalı istehlakı 188-190 min ton, buğda istehlakı 70-80 min tondur. Bu həcmdə yemlə Azərbaycanın illik tələbatı olan140 min ton toyuq əti istehsalını təmin etmək olur. Hazırda yem təchizatı sahəsində yaranan problemlər quşçuluq təsərrüfatlarında vəziyyəti gərginləşdirib. Təsərrüfatlarda soya və qarğıdalı ehtiyatları minimum səviyyədədir. Bu isə o deməkdir ki, qısa müddətdə təchizat təmin olunmasa, quş əti istehsalında kəskin azalma qaçılmaz olacaq.

Argentina qlobal soya məhsulları ticarətində ciddi oyunçulardan biridir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin(USDA) proqnozlarına əsasən 2021-2022-ci il mövsümündə dünya soya şrotu(sıxılmış cecə) ixracının 41 faizi, soya yağı ixracının isə 48 faizi Argentinanın payına düşməlidir. 2021-ci il ərzində Argentinanın aylıq soya şrotu ixracı 1,5 milyon ton, soya yağı ixracı isə 300 ton təşkil edib.

Azərbaycan soya şrotu və soya paxlasını adətən Argentina, Braziliya və Ukraynadan alır. Qiymət baxımından ən əlverişlisi Argentina və Ukraynadır. Rəsmi statistikadan da aydın görünür ki, Azərbaycanın heyvandarlıq və quşçuluq sektorları bu iki ölkədən alınan soya məhsullarından ciddi şəkildə asılıdır. Belə ki, 2021-ci il ərzində ölkəyə gətirilən 32955,04 ton soya paxlalarının 17750,58 tonu Ukraynadan, 13392,31 tonu Braziliyadan, 1811,08 tonu Rumıniyadan alınıb. İdxalı 94261,27 ton təşkil edən Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantıların(şrot) 39696,5 tonu Argentinadan, 23883,86 tonu Ukraynadan, 19312,36 tonu Braziliyadan, 9268,55 tonu Rusiyadan alınıb.

Bu ilin yanvar ayında Azərbaycana 3796,41 ton Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar, 4247,33 ton digər soya paxlaları idxal edilib. Birinci məhsulun 2082,06 tonu Argentinadan,1714,35 tonu Ukraynadan, ikinci məhsulun hamısı Ukraynadan alınıb.

Martın 15-dən Argentina hökuməti soya məhsullarının ixracı üçün lisenziyaların verilməsini dayandırıb. Bu, yaxın həftələrdə başlanmalı olan məhsul yığımı ərəfəsində Argentinadan ixrac olunması nəzərdə tutulan 5 milyon ton soya məhsullarının ixracının dayanması deməkdir. Argentina istehsalçıları və ixracatçıları bu addımın hökumətin soya məhsulları ixracına hazırda 31 faiz təşkil edən rüsumun daha 2 faiz artırılması məqsədindən irəli gəldiyini bildirirlər. 2021-2022-ci il mövsümündə Argentinada 40-42 milyon ton soyanın toplanması gözlənilir.

Ümumiyyətlə, soya qlobal bitki yağları istehsalının ən əsas xammalıdır. Dünya bitki yağları sənayesinin 60 faizi soyadan ibarətdir.

USDA-nın məlumatına görə, 2020-2021-ci il mövsümündə dünyada əvvəlki mövsümlə müqayisədə 7 faiz çox – 361,82 milyon ton soya istehsal olunub. Bunun 169,7 milyon tonu ticarət edilib. Soya ixracında 1-ci yerdə 85 milyon tonla Braziliya, ikinci yerdə 61,2 milyon tonla ABŞ, üçüncü yerdə isə 7 milyon tonla Argentina qərarlaşıb.

2021-2022-ci il mövsümündə dünya üzrə soya istehsalı proqnozu 349,8 milyon ton, ixrac həcmi proqnozu isə158,5 milyon ton təşkil edir. Hər iki göstərici keçən ilki mövsümdən aşağıdır. Ukraynanın illik 1,5 milyon tona yaxın ixracının dayanması, həmçinin Argentinanın həftələrlə bazardan kənarda qalması Azərbaycanın quş əti istehsalçılarını kəskin problemlərlə üz-üzə qoyub. Belə ki, hazırda Azərbaycanda soya və digər yem ehtiyatları tükənmək üzrədir. Xüsusilə də soya şrotu, soya paxlası, qarğıdalı ilə bağlı vəziyyət çox gərgindir.

Ukraynada başlayan müharibə səbəbilə bu ölkədən bütün növ məhsulların Qara dəniz vasitəsilə ixracı tamamilə dayanıb. Biz də məhsulları Ukraynadan məhz Qara dəniz vasitəsilə əldə edirdik. Bu baxımdan, hətta Ukrayna soya, yaxud qarğıdalı ixracını davam etdirsə belə, istiqamət Qərbə – Avropaya doğru olacaq, şərqə ixrac imkanları yoxdur.

Buna görə də dövlətin bu problemin həllində istehsalçı sahibkarlara yardım etməsi, mümkün qədər qısa müddət ərzində ölkəyə lazımi həcmdə soya şrotu və soya idxalının təmin olunmasına dəstək verməsi çox zəruridir. Bu zərurəti nəzərə alaraq Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosasiyası olaraq Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edəcəyik.

Hökumət Dövlət Ehtiyatları Agentliyi, yaxud Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturları vasitəsilə soya şrotu və soya paxlasının ölkəyə idxalını və yerli istehsalçılara satılmasını təmin edə bilər. Yaxud mümkündür ki, başqa yolla bu problem həll edilsin. Biz istehsalçılar üçün əsas olan keyfiyyətli məhsul idxalının ən qısa müddətdə təmin edilməsidir. İnanırıq ki, Azərbaycan hökuməti yerli istehsalçıların vəziyyətini, yerli istehsalın dəstəklənməsi zərurətini nəzərə almaqla, dəstəyini əsirgəməyəcək.

Mürvət Həsənli,
Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosasiyası İdarə Heyətinin sədri

Gununsesi.info