İyunun 24-də Azərbaycanda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinq keçirib.
Gununsesi.info xəbər verir ki, C.Bayramov Azərbaycan və Rusiya arasında münasibətləri qarşılıqlı fayda kəsb edən əməkdaşlıq nümunəsi adlandırıb. O vurğulayıb ki, bu gün, iyunun 24-də iki ölkə arasında daha bir sənəd – beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalanıb.
C.Bayramov Azərbaycanın Ermənistanla münasibətlərinə də toxunub: “Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq”.
Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb
Nazir qeyd edib ki, Şərqi Zəngəzur ( Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl) regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb.
S.Lavrov isə deyib ki, Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir.
S.Lavrov habelə qeyd edib ki, ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb. O, bunun ABŞ və Fransanın təşəbbüsü ilə baş verdiyini bildirib: “Lakin, əlbəttə ki, biz postmünaqişə nizamlanması prosesini müzakirə etdik. Bu prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır”.
O, Cənubi Qafqaz regionunda bütün kommunikasiyaların və iqtisadi əlaqələrin açılması ilə bağlı üçtərəfli İşçi Qrupun işindən məmnunluq ifadə edib: “Son təmaslar dəmiryol və avtomobil yolu marşrutu ilə bağlı tərəflərin mövqelərinin əhəmiyyətli dərəcədə yaxınlaşmasına imkan verib”.
ABŞ-ın Minsk qrupu ilə bağlı baxışı
ATƏT-in Minsk qrupunun qalan iki həmsədri isə tam əks mövqe bildiriblər. Vaşinqton əvvəlki kimi ATƏT-in Minsk qrupu həmsədrliyi prosesinə sadiq olduğunu bildirib. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində də demişdi.
“ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk qrupu həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”, – diplomat vurğulayıb.
ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa həmsədrlik edir) İkinci Qarabağ müharibəsinə qədər Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda vasitəçi tərəf olub.
Rusiya Xarici İşlər naziri S.Lavrov iyunun 23-də Azərbaycana gəlib. O, elə həmin gün Prezident İlham Əliyevlə görüşüb. Görüşdə bu il fevralın 22-də Rusiya və Azərbaycan arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin icrası və Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları müzakirə edilib. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədə iki ölkənin siyasi, iqtisadi, hərbi və başqa sahələrdə əməkdaşlığından bəhs edilir.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.
Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Afət Abbasova
Gununsesi.info