Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaqmı? – DEPUTATLAR NƏ DEYİR?

  • By admin
  • 18 İyul 2021 17:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin türk dövlətləri tərəfindən tanınmasının tərəfdarı olduğunu açıqlayıb. Prezident bununla bağlı türk dövlətlərinə müraciət də ünavnalyıb.

Bəs Türkiyə prezidentinin bu müraciətinə Azərbaycan və digər türk dövlətləri necə cavab verəcək?
Bu barədə Gununsesi.info-ya danışan deputat Fazil Mustafa hesab edir ki, Şimali Kipr Cümhuriyyəti ilə əlaqədar yaxın zamanlarda hansısa yenilik gözlənilmir:

HTML tutorial

“Çünki hazırda Azərbaycanın məqsədi Qarabağ münaqişəsini hərbi yolla həllindən sonra daxilində siyasi və diplomatik yolla çözümün başa çatdırmaqdan ibarətdir. Hələ ki, Qarabağ məsələsində arzuladığımız şəkildə qapalı münasibətlər prinsipini pozmaq imkanında deyilik. Ona görə, biz Qarabağın məsələsini bütövlükdə çözəndən sonra bu kimi məsələlər tamam fərqli baxış sərgiləyə bilərik. İndiki məqamda bizim Şimali Kiprlə əlaqələrimiz var, Onların Bakıda nümayəndəliyi yerləşir. Müəyyən dərəcədə iki ölkə bir-birinin milli bayramlarında iştirak edir, münasibətlər inkişaf etdirilir. Amma yaxın zamanda Şimali Kiprin Azərbaycan tərəfindən tanınması kimi bir addım gözlənilmir.

Şimali Kipr dövləti də bunu anlayışla qarşılayır, çünki bizim düşdüyümüz vəziyyətin nə dərəcədə ağır olduğunu onlar da anlayır. Necə ki, bütün məsələlərdə Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan da bu məsələdə Türkiyənin yanında olduğunu dəfələrlə bəyan edib. Bu dəyişməyəcək”.

Deputat Tahir Kərimli isə Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə bağlı türkiyəli rəsmilərin tez-tez müraciət ünvanladığını xatırladıb:

“Yaxın zamanlarda Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki millət vəkili ilə əməkdaşlıq şəraitində bir layihəmiz var idi. Milli Məclisin deputatı, həmkarım Kamran Bayramovla mən bu layihə zamanı TBMM nümayəndələri ilə təmasda olduq. Həmkarlarımız bizə müraciətdə Şimali Kiprin Azərbaycan tərəfindən tanınmasını arzuladıqlarını ifadə etdilər. Biz qeyd etdik ki, bu məsələ ilə bağlı tələsmək lazım deyil. Onsuz da Azərbaycanın Şimali Kiprlə bütün spektrlərdə əlaqələri var. Bundan öncə Azərbaycanın Şimali Kipri tanıması Yunanıstan və digər ölkələrin qondarma Dağlıq Qarabağı tanımasına gətirib çıxara bilərdi.

 

Ona görə, qardaş Türkiyənin bunu anlayışla qarşılayacağına inanıram. Orta Asiyada yerləşən türk dövlətlərində Rusiya faktoru mövcud olduğuna görə, onların da Kipr məsələsində tələsməyəcəyini hesab edirəm. Qarabağla bağlı Qərbin bizə qarşı tamamlanmamış layihələrinin olduğunu düşünürəm. Ermənipərəstlik, xristian təəssübkeşliyi, islamafobiya kimi məsələlər ortada olduğu müddətcə beynəlxalq qərarlarda tələskənliyə yol vermək olmaz”.

Gununsesi.info