Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə mayın 7-9 tarixlərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısında (AIM Congress) Azərbaycan startaplarının təqdimatı üçün qeydiyyat aparılır.
Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bildirir.
Tədbir çərçivəsində startaplar üçün xüsusi proqram (AIM Startup) nəzərdə tutulur. “AIM Startup” tədbiri startaplara layihəsini xarici investorlara təqdim etmək, təcrübə mübadiləsi, əlaqələrini genişləndirmək imkanı yaradacaq.
“AIM Congress”ə qatılmaq üçün dünyanın 100-dən çox ölkəsində baş tutacaq milli turda (The National Pitch Competition) hər ölkədən bir startap seçiləcək. Əbu-Dabidə Azərbaycanı təmsil edəcək startap KOBİA və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.
Milli tura “Pre-seed” və ya “Seed” mərhələsində olan startaplar müraciət edə bilər. Tədbir zamanı startaplar beynəlxalq investorlardan 60 min ABŞ dollarına qədər investisiya qazanmaq şansı əldə edəcəklər. Həmçinin ölkə üzrə milli turun qalibinin “AIM Congress”də iştirak üçün aviabilet (gediş-dönüş), qonaqlama xərcləri qarşılanacaq və startapını təqdim etmək üçün tədbir müddətində stend ayrılacaqdır.
Son müraciət tarixi martın 30-dur.
Müraciət üçün link: https://bit.ly/startupcompetition_aimcongress
Gununsesi.info