“Azərbaycan Türk Dövlətləri Təşkilatında önəmli rol oynayır” -Xəyal Bəşirov

“Türk Dövlətləri Təşkilatının Əməkdaşlıq Şurası formasında fəaliyyət göstərməsi, daha sonra isə təşkilata çevrilməsi prosesində Azərbaycan dövlətinin və onun rəhbəri, Prezident İlham Əliyevin özünəməxsus və əvəzolunmaz rolu olmuşdur. Bu təşkilatda təmsil olunmaq bir çox hallarda belə qiymətləndirilir ki, Azərbaycan həmin dövlətlərlə münasibətləri inkişaf etdirməkdə maraqlıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“Əslində, Azərbaycanın Türk Dövlətləri Təşkilatında və ya orada müşahidəçi qismində iştirak edən dövlətlərlə münasibətləri ikitərəfli qaydada da çox yüksək səviyyədədir. Türkiyədən başlayaraq, bütün digər dövlətlər – Macarıstana qədər, Mərkəzi Asiyada yerləşən Türk dövlətlərinə qədər – Azərbaycanın bu ölkələrlə əlaqələri çox yüksək səviyyədədir və hazırda bu münasibətlərdə hər hansı problem müşahidə olunmur.

Burada daha çox təşkilatlanma amili önəmlidir. Dünyada baş verən siyasi, iqtisadi və digər dəyişikliklər, yeni siyasi düzənin formalaşması və qlobal proseslərin fonunda dövlətlərin öz güclərini bütün istiqamətlərdə birləşdirməsi mühüm rol oynayır və böyük əhəmiyyət kəsb edir.Eyni zamanda, biz bu dövlətlərlə eyni dəyərləri – mədəniyyət, din, dil və bir sıra digər sahələrdəki birlikləri – bölüşürük ki, bu da bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Xəyal Bəşirov qeyd edib ki, ikinci Qarabağ müharibəsi və sonrakı siyasi proseslər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyi, həmçinin həmin təşkilatlarda liderlik fəaliyyəti və COP-29 kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bütün bunlar Azərbaycanla bağlı marağı artırıb.

“Bu dövlətlərin təşəbbüslərində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyi aydın şəkildə görünür. Bütün bunları nəzərə alsaq, Azərbaycan bu gün qlobal səviyyədə baş verən proseslərdə özünəməxsus rola malikdir. Bu rolu görən dövlətlər – o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələr və orada təmsil olunan digər dövlətlər – təbii ki, Azərbaycanla əməkdaşlığa üstünlük verməlidirlər və biz bunu müşahidə edirik.

Mən hesab edirəm ki, bu amillərlə yanaşı Orta Dəhliz faktoru da nəzərə alınmalıdır. Orta Dəhliz demək olar ki, bu gün Türk Dövlətləri Təşkilatının yerləşdiyi coğrafiyadan keçən bir dəhlizdir və bu faktor təşkilatın indiyədək keçirilmiş tədbirlərində və iclaslarında müzakirə olunan əsas mövzulardan biridir.

Biz nəzərə almalıyıq ki, Azərbaycan artıq Ermənistanla sülh istiqamətində çox uğurlu addımlar atıb. Bu il, 8 avqustda Vaşinqtonda, ABŞ-da keçirilən görüş, daha sonra BMT Baş Assambleyasının 80-ci iclası və Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında keçirilən görüşlər Azərbaycan dövlətinin mövqeyini və gücünü daha da artırıb. Bu amillər, hazırda Türk Dövlətləri Təşkilatında üzv olan dövlətlərin Azərbaycana olan diqqətini və marağını artıran əsas faktorlardandır”-deyə politoloq əlavə edib.

Politoloq onu da vurğulayıb ki, Orta Dəhlizdən yararlanmaq baxımından da, Türk Dövlətləri Təşkilatının xüsusi hüquqları var.

“Çünki bu yol onların yerləşdiyi ərazidən keçir. Digər amil isə Orta Dəhlizin əsas həlqələrindən biri olan Zəngəzur dəhlizinin açılması prosesidir ki, bu da onların əməkdaşlıq etdiyi dost və müttəfiq ölkəmizdən – Azərbaycandan – asılıdır. Bu proses, eyni zamanda, sülh istiqamətində atdığımız addımlara dost və qardaş ölkələrimizin yaxından dəstək və əməkdaşlıq göstərməyə maraqlı olduğunu ortaya qoyur.

Ümumiyyətlə, orada bir sıra məqamlar müzakirə olunacaq. Qeyd etdiyim kimi, Türk Dövlətləri Təşkilatının daha da inkişaf etdirilməsi və təşkilatlanmanın intensivləşdirilməsi, siyasi, iqtisadi, logistika, enerji, təhsil, mədəniyyət, din, idman və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq əsas mövzulardandır. Eyni zamanda, hərbi sahədə əməkdaşlıq, Zəngəzur dəhlizi ilə bağlı məsələlər, dünyada baş verən proseslər və regionumuzun bu proseslərdə rolu da diqqət mərkəzində olacaq.

Düşünürəm ki, bu görüş əvvəlki illərdə Bakıda, Şuşada, digər dövlətlərin paytaxtlarında, Astanada, Daşkənddə və digər ölkələrdə keçirilmiş görüşlərdə əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin və tərtib edilmiş yol xəritələrinin davamı olacaq. Bu, təşkilatın gələcəkdə daha da güclənməsinin şahidi olacağımız bir görüş olacaq”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info