Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb

  • By admin
  • 19 Sentyabr 2019 19:37

Gununsesi.org xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən Komissiyanın ayrıca operativ informasiya resursu – AzeTurCommission (@AzeTurCom)  “Twitter” səhifəsi yaradılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın 52 ölkə ilə mövcud Hökumətlərarası komissiyalarının təcrübəsində bu bir yenilikdir.

HTML tutorial

Bu rəsmi “Twitter” hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual aləmin müasir imkanlarından istifadə edərək, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, Komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyətinə operativ məlumat çatdırmaqdır.

Xatırladaq ki, 2 noyabr 1992-ci ildə Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilib. 12 aprel 1996-cı ildə hər iki ölkənin prezidentlərinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Komissiyanın ilk iclası 26 fevral 1997-ci ildə Ankarada baş tutub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2019-cu il tarixli Sərəncamı ilə Komissiyanın yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən Komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini Vitse-prezident Fuad Oktay həyata keçirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə Komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan Vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə Komissiyalara həmsədrlik edir.

 

 

Gununsesi.org