Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək. Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli məlumat verib. Onun sözlərinə görə, üç ölkənin müdafiə nazirlərin növbəti görüşü iyulun sonu – avqustun əvvəlində Batumidə keçiriləcək. Nazir deyib ki, görüş daha tez baş tutmalı idi: “Sadəcə Türkiyə müdafiə nazirinin dəyişməsi görüşümüzü bir qədər təxirə saldı. Görüşün iyulun əvvəlində keçirilməsi planlaşdırılırdı, amma o, iyulun sonunda və ya avqustun əvvəlində Batumidə keçiriləcək. Görüşdə memorandum imzalanacaq. Biz bütün məsələlərin birgə həllinə səy göstəririk”.
Tinatin Xidaşeli onu da əlavə edib ki, hazırda üç ölkənin nazirlərinin görüşündə imzalanacaq memorandum üzərində iş gedir.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Gürcüsta müdafiə nazirlərinin bundan öncəki görüşü mayın 15-də Azərbaycanda Qəbələ şəhərində keçirilib. Qəbələdə keçirilən görüşdə üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkili, kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məsələsi müzakirə edilib.
Nazirlər Qəbələ görüşündə eyni zamanda gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırıblar. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bölgədə sabitliyin təmin olunması yolları birgə araşdırılıb, qloballıq nöqteyi-nəzərdən çıxışlar edilib, sabitlik haqqında danışılaraq onun əhəmiyyəti də müzakirə olunub.
Görüşün yekunu olaraq Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması qərara alıv və sənədin hazırlanması üçün işçi qrup yaradılıb. Tərəflər bu sənədin növbəti görüşdə qəbul edilməsini qərara alıblar.