Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı – YENİLƏNİB

  • By admin
  • 28 Fevral 2024 13:45

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.

Gununsesi.info xəbər verir ki, görüş “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.

***08:39

Sülh sazişi danışıqları çərçivəsində Almaniyanın paytaxtı Berlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcəyi bildirilib.

Gununsesi.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəsmilərindən əldə edilən məlumata görə, Bayramov və Mirzoyan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə üçtərəfli görüş keçirəcək.

Berbok Xarici İşlər Nazirliyinin qonaq evi kimi istifadə edilən Villa Borsiqdə əvvəlcə Ermənistanın xarici işlər naziri Mirzoyan, daha sonra isə Azərbaycanın xarici işlər naziri Bayramovla ayrı-ayrılıqda görüşəcək.

Bu görüşlərdən sonra üçtərəfli görüş keçiriləcək. Berbok görüşdən əvvəl mətbuata açıqlama verəcək.

Almaniyada keçirilən 60-cı Münxen Təhlükəsizlik Konfransında görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi tapşırıqlara əsasən, Bayramov və Mirzoyan fevralın 28-29-da görüşəcəklər.

Sülh sazişi danışıqları üçün xarici işlər nazirlərinə tezliklə görüşməyi tapşıran Əliyev və Paşinyan sərhədlərin müəyyən edilməsi komissiyalarının da tezliklə görüşməsini istəyib.

Əliyev və Paşinyanın ikitərəfli görüşündən əvvəl Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirilib.

Gununsesi.info