FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib.
Ötən ay Bakıda Belarus yığmasına bir cavabsız qolla uduzan, Antalyada Makedoniya kollektivi ilə 1:1 hesabı ilə heç-heçə edən millimiz hazırda 245 xala 126-cı pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasındakı rəqiblərimizdən Farer adaları üç pillə irəliləyərək 94-cü, Kosovo isə 24 pillə yüksələrək 152-ci olub. Digər rəqibimiz Malta isə 185-ci yerdə qalıb.
İlk on pillədə də dəyişiklik olunub. Almaniya və Braziliya yenə ilk iki pillədə qərarlaşsa da, Belçika iki pillə irəliləyərək III sıraya qalxıb. Bu komanda Portuqaliya və Argentinanı ötüb.
Həmçinin “Top-10”da İsveçrə və Fransa iki pillə irəliləyərək İspaniyanı qabaqlayıblar. Çili isə bir pillə irəliləyərək dörd pillə geriləyən Polşanı ötüb. Cənubi amerikalılar IX, Polşa isə ilk “10-luğ”un sonuncu komandasıdır.
Qeyd edək ki, qardaş Türkiyə millisi də irəliləyib. “Ay-ulduzlular” bir pillə irəliləyərək 37-ci sıraya yiyələniblər. Dünya çempionatının təşkilatçısı Rusiya isə üç pillə geriləyib. Şimal qonşularımız 66-cı sıraya yuvarlanıblar.