Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

  • By admin
  • 23 Noyabr 2022 20:28

Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Gununsesi.info xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış edib.

Prezident Aleksandar Vuçiçin bəyanatı

– Hörmətli Prezident Əliyev.

Hörmətli dostlar, Azərbaycan hökumətinin hörmətli nazirləri, Serbiya Respublikasının hörmətli nazirləri, hörmətli jurnalistlər.

Bu gün Belqradda ölkəmizin əsl dostunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevi qəbul etməkdən çox şadam. Bu gün səhərdən etibarən bizim çox yaxşı müzakirəmiz oldu. Təəssüf ki, ümumi vəziyyətə görə o, ölkəmizdə daha uzun müddət ərzində qala bilmir, lakin inanıram ki, qısa müddətdən sonra əlimizə yenə də onu Serbiyada qəbul etmək fürsəti düşəcək.

Bizim Azərbaycanla bir çox oxşarlıqlarımız var. Hər iki ölkə öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlayır və biz bir-birimizə beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda BMT Nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək kömək edirik. Biz bu məsələdə bir-birimizə etibar edə bilərik.

Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik. Yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Biz buna əməl etməyin gələcəyimiz üçün yeganə imkan və seçim olduğunu düşünürük. Bu gün biz Azərbaycanla Birgə Bəyanatı, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzaladıq. Biz bu əməkdaşlığı yeni müstəviyə qaldırdıq. Bu gün biz bütün vacib məsələləri müzakirə etdik. Bu məsələlər arasında enerji sahəsində əməkdaşlığın necə aparılması məsələsi də yer almışdır. Qazın istehsalı və ixracına gəldikdə, Azərbaycan qüdrətli ölkədir, yeddi, səkkiz və on ildən sonra Azərbaycan 35 milyard kubmetrdən daha çox qaz ixrac edəcək. Bu gün qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Məhz buna görə biz Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışırıq ki, Bakıdakı dostlarımızın ixrac etdiyi əhəmiyyətli qaz həcmlərini təchiz edə bilək. Biz elektrik enerjisinin verilişini müzakirə etdik. Çünki Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var. Biz Avropadan olan tərəfdaşlarımızın bu layihəyə qoşulmasını müzakirə edəcəyik. Çünki burada elektrik xətti suyun altından çəkiləcək. Xətt Qara dənizin altından keçir ki, bizim paylayıcı şəbəkə Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə müvəffəqiyyətlə qoşula bilsin, nəticədə biz gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini ala bilək və ölkəmizin elektrik enerjisi ilə bağlı tam təhlükəsizliyini təmin edək. Bu, həmçinin ölkəmizdə sənaye istehsalının genişlənməsi və vətəndaşlarımızın artan ehtiyacları ilə bağlıdır. Bizə bu enerji təhlükəsizliyi lazım olacaq və biz Azərbaycandan olan dostlarımıza, xüsusilə Prezident Əliyevə buna görə minnətdarıq. Əlbəttə ki, Serbiya etibarlı tərəfdaşdır və mən bir az bundan əvvəl bir zarafat etdim. Prezident Əliyev bizim ərazimizdən Tartak, Prelinaya yolun çəkildiyini gördükdə buna inana bilmədi. Bu Prelina hissəsi onlar tərəfindən tikilmişdir. Bu, həqiqətən də çətin hissə idi və onlar işi vaxtında, heç bir gün də gecikmə olmadan təhvil verdilər. Bu da bizim üçün qəribədir. Onlar bir il yarım bundan əvvəl 2011-ci ildə götürdüyümüz bütün borcu geri ödədiyimizə görə təəccübləndilər. Biz bu borcu tam şəkildə əvvəlcədən ödədik, çünki ölkələr adətən bunu etmirlər. Lakin Serbiya borcları ödəmək üçün imkanımız olduqda belə məsələlərə alışıb. Mən bunu nəyə görə deyirəm, çünki bu baxımdan bizim də bildiyimiz kimi Azərbaycan Serbiyanın etibarlı tərəfdaş olduğunu bilir. Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır.

Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir.

Biz bir çox başqa mühüm məsələləri müzakirə etdik, gübrə çatışmazlığı, neft-kimya müəssisələrinin fəaliyyəti barədə danışdıq, bir çox başqa məsələləri – hərbi-texniki əməkdaşlığı, nazirliklər arasında bir çox başqa məsələləri, beynəlxalq arenada əməkdaşlığın gələcək inkişafı üçün məsələləri müzakirə etdik. Bütün səviyyələrdə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində, iki ölkənin nazirlikləri tərəfindən bu gün imzalanmış əmək, sosial müdafiə sahəsində mühüm razılaşmalar var. Biz müzakirələri davam etdirəcəyik. Bizim üçün olduqca əhəmiyyət kəsb edən bir neçə məsələni müzakirə etmək üçün qarşıdakı 20 gündə mənim Bakıya, Azərbaycana qeyri-rəsmi, lakin mühüm səfərim gözlənilir. Məni bu gün əsası qoyulmuş strateji tərəfdaşlığı çox konkret razılaşmalar və əməli addımlarla dərinləşdirmək üçün Serbiya hökumətinin bir neçə naziri müşayiət edəcək. Görürəm ki, bu, zarafat deyil, baxmayaraq ki, kiməsə zarafat kimi görünə bilər, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy başqaları düşünsün ki, onlar dəyişiblər ya yox, yanaşma və prinsiplərini dəyişiblər ya yox.

Serbiya kiçik ölkədir. Bizim qazımız yoxdur. Bizim litiumumuz var. Lakin biz yeganə ölkəyik ki, dünya miqyasında litium istehsalını əldən vermişik, daha ağıllı insanlar hakimiyyətə gəldikdə bu işi yerinə qoyacaqlar. Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik, ən azı cənab Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını edəcəyik. Biz ölkəmizin həqiqi dostunun kim olduğunu hər zaman görmüşük və onlarla əməkdaşlığımızı inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Mən çox şadam və günün qalan hissəsini, həmçinin Azərbaycandakı görüşlərimizi səbirsizliklə gözləyirəm. Burada, Belqradda daha bir görüşü səbirsizliklə gözləyirəm. O zaman mən Azərbaycan Prezidentindən ölkəmizdə daha çox qalmağı xahiş edəcəyəm, çünki ölkəmizdə ən azı bir gecə qalmasanız bizim xətrimizə dəyər. İnanırıq ki, qonaqpərvərliyimizi nümayiş etdirə bilərik. İnanırıq ki, özünüzü Avropada heç yerdə olmadığı kimi Serbiyada evinizdəki kimi hiss edəcəksiniz. Bir daha təşəkkür edirəm, xalqınıza ən xoş arzularımı çatdırıram.

Qarşıda bizi çox işlər gözləyir və mən bu gün imzaladığımız bütün sənədlərə görə çox xoşbəxtəm və bilirəm ki, hələ çox işlər görüləcək. Biz Azərbaycan və Serbiya xalqlarının, vətəndaşlarının maraqları və rifahı naminə daha çox iş görə biləcəyik. Bir daha təşəkkür edirəm.

Gununsesi.info