Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafını müzakirə edib

  • By ilhame
  • 25 Yanvar 2024 19:39

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparıb.

 

Gununsesi.info bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

 

Məlumata görə, Türkiyədə işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov bu gün bir sıra ikitərəfli görüşlər keçirib.

 

İlk olaraq Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) direktoru və İdarə Heyətinin sədri Hasan Pezukla baş tutmuş görüş zamanı iki ölkə arasında dəmir yolu sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən Qars-Naxçıvan dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə təkmilləşdirmə işləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin iki ölkənin dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

 

Daha sonra ADY sədri “TCDD Taşımacılık” şirkətinin direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək planlar istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparılıb.

Gununsesi.info