Azərbaycan vətəndaşlarının 90.8%-i Prezidentə tam etibar edir – SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.

Hesabat 2020-ci ilin ikinci rübünü – aprel-iyun aylarını əhatə edir.

Respondentlərin Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.

Prezidentə “Tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir.

Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.

Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.

Respondentlərin mütləq əksəriyyəti (95,2%) Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin olması fikrindədir.

Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması qənaətindədir.

Sənəddə qeyd edilib ki, ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter alıb. Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli, 27,2% respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3%-i sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4% respondent isə fikir bildirməkdə çətinlik çəkib. Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1% respondentin 36,5%-i Nazirlər Kabinetinə, 33,4%-i isə Milli Məclisə etibar etdiyini qeyd edib.(APA)

Gununsesi.info