Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
Gununsesi.org-un məlumatına görə, sənəddə deyilir ki, 30 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir.
“Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub, öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır,” bəyanatda qeyd edilir.
Nazirlik bildirir ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirib. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirilib və 744 nəfər ağır xəsarət alıb.
Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.
Xarici İşlər Nazirliyi bildirir ki, 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri Mixael Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladılıb və respublikada televiziya verilişləri dayandırılıb. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutub.
“Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu qanunsuz fəaliyyətə göz yumması, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verib. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə amansız divan tutdu.”
Azərbaycan Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.