MM-in komitə sədri: “Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır”
“Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub.
O, deyib ki, Azərbaycan Şərqlə Qərb arasında bir körpüdür. Azərbaycan xalqı nadir xalqlardandır ki, həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir:
“Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə bu münasibətlərimiz daha da inkişaf etməkdədir.Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında da fəal təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər.
Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır.Düşünürəm ki, Azərbaycanda 2017-ci ilin «İslam həmrəyliyi ili» elan olunması bütün müsəlman dövlətlərinə, bütövlükdə dünyaya bir mesajdır. Çünki hazırki şəraitdə İslam həmrəyliyi çox zəruridir. Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür. Çox sevindirici haldır ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edib. Bu fakt bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir”.
Gununsesi.info